İşsiz və məşğul şəxs kimlər hesab edilir? Kimə ödəniş verilir?

Bu yazımızda son günlərin ən aktual məsələlərindən biri olan işsiz və məşğul şəxslər barədə izah verməyə çalışacağıq.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı ilə müvafiq olaraq Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu almış 200 min vətəndaşa birdəfəlik olmaqla işsizlik müavinətinin – 190 manatın 2 ay (aprel və may) müddətinə ödənilməsi müəyyən edildi.

Bu səbəbdən də artıq işsiz statusu alaraq 190 manat məbləğində birdəfəlik müavinəti 2 ay müddətində əldə etmək istəyən vətəndaşlar e-sosial.az saytında qeydiyyatdan keçməyə başladı.

Bəs işsiz şəxs anlayışı kimlərə aiddir?

Bu suala ən aydın anlayışı qanunvericilik bildirmişdir. Belə ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Daha dəqiq desək, ölkə üzrə əmək qabiliyyətli yaş 15 yaş hesab edilir və səlahiyyətli qurum Dövlət Məşğulluq Xidmətidir.

Məşğul şəxslərə isə aşağıda göstərilən şəxslər aiddir:

– əmək müqaviləsi ilə işləyənlər

– mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər

– sahibkarlar

– kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri

– haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s)

– Silahlı Qüvvələrdə xidmət edənlər

– ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar

– Qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar

– Ölkə ərazisindəm kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.

Qeyd edək ki, yaşa görə pensiya və ya müavinət alan şəxslər də dolayısı ilə işsiz kimi qeydiyyata alınmırlar.

Buna baxmayaraq qeyd etmək lazımdır ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 aprel 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz  kimi qeydiyyatda  olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə aşağıdakı şəxslərə 190 manatlıq müavinət verilmir:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 

– əmək pensiyaçılarına; 

– aylıq müavinət alanlara; 

– aylıq təqaüd alanlara; 

– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 

– işsizlikdən sığorta ödənişi alanlara; 

– peşə hazırlığına görə təqaüd alanlara; 

– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 

– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya aktiv əmək müqaviləsi bildirişi olanlara; 

– əri və ya arvadı göstərilən bu ödənişlərdən birini alan şəxslərə. 

Qeyd edək ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Xatırladaq ki, ikinci ay üçün ödəmə təkrar yoxlama aparılıb, status təsdiqləndikdən və ilk ödəmədən 30 gün keçdikdən sonra aparılacaq.

Faydalı məlumatlar üçün blog.a emaillə abunə olub, bizim yazıları daimi izləyə bilərsiniz.

Müəllif: Şəhriyar Həbilov


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları