2002-2003: SARS atipik pnevmoniyası
SARS (Severe Acute Respiratory Syndrome) – ağır kəskin respirator sindromu. Virus hava-damcı yolu ilə yayılır. Epidemioloqlar bu infeksiyanın mənbəyinin yarasa olduğunu müəyyənləşdiriblər.
Yaranması və yayılması
Bu virus ilk dəfə 2002-ci ilin noyabrında Çinin Guandun əyalətində aşkarlanıb.
Çin hakimiyyəti buna dərhal reaksiya vermədi və ilk başlarda bu informasiyanı gizlətməyə çalışdı. ÜST xəstəlik haqqında yalnız fevral ayının ortalarında xəbərdar olub ki, bu da SARS-ın tədqiqatını ləngitdi.
11 fevral 2003-cü ildə Çin rəsmi olaraq epidemiya elan etdi, onda yoluxanların sayı artıq 300-ə çatmışdır.
Fevral və mart aylarında Kanada, Vyetnam və Sinqapurta ilk yoluxma halları qeydə alındı.
Martın 12-də ÜST SARS epidemiyasını elan etdi, o cümlədən Çin və Sinqapura səfərləri ləğv etməyi məsləhət gördü.
ÜST-nin verdiyi məlumata görə, epidemiya dövründə dünyanın 30 ölkəsində 8436 yoluxma və 900-dən çox ölüm hadisəsi qeydə alınıb. Ən çox itki Çində (348) və Hong-Kongda (298) baş verib.
Karantin və digər tədbirlər
2003-cü ilin mart ayında Çin, Sinqapur və Kanadada karantin rejimi tətbiq edildi: bütün təhsil müəssisələri, dükanlar, teatrlar, kafe və restoranlar bağlandı. Bu üç ölkədə əhali maska taxmalı idi, xəstələrlə təmasda olanlar isə on günlük karantinə göndərilirdi.
Çin sərhədlərini bağlamadı, lakin Vyetnam, Kanada və digər dövlətlər SARS epidemiyası olan ölkələrə reysləri dayandırdı. Sinqapur hakimiyyəti karantin tədbirlərini mərhələli şəkildə 2003-cü il aprelin sonunda aradan qaldırdı. Çin və Hong-Kongda məktəblər açılsa da, yoluxanların sayı çoxaldığı üçün karantin rejimi yenidən tətbiq edildi. Qeyd edək ki, məktəblərin açılışı ilə karantin rejiminin sərtləşdirilməsi arasında cəmi üç gün keçmişdir.
Kanadada təxminən 7 min nəfər karantin altında idi və bu, Çin ilə müqayisədə 25 dəfə çoxdur. Məhdudiyyətlərə baxmayaraq, yoluxanların 72%-i və tibb işçilərinin yarıdan çoxu xəstəxanalarda yoluxurdu.
Həkimlər və siyasətçilər Kanadada infeksiyanın qarşısını almaq üçün görülən tədbirləri tənqid edərək, karantin rejiminin effektsiz olduğunu söyləyirdilər.
2003-cü ilin aprelində virusun yarasalar tərəfindən yayıldığı sübuta yetirildikdə, Çin hakimiyyəti yabanı heyvanların yem üçün ovlanmasını, satılmasını və yeyilməsini qadağan etdi.
2003-cü ilin iyun-iyul aylarında ÜST Çin, Kanada və Sinqapurdan məhdudiyyətləri qaldırdı və SARS epidemiyasının sona çatdığını rəsmi olaraq elan etdi.
İqtisadi nəticələr
SARS 30 ölkənin iqtisadiyyatına təsir göstərdi: ən çox otelçilik, turizm və aviadaşımalar sahəsi zərər çəkdi.
2003-cü ilin birinci yarısında Çin biznesi demək olar ki, bağlı idi. Ölkədə aviadaşımalarının həcmi 77%, otellərin “yükü” isə üç dəfə azaldı (18%).
Çin, Sinqapur və Vyetnamda üç milyondan çox insan iş yerlərini itirdi. Ümumilikdə, Çinin turizm sahəsi 3,5 milyard dollar itirdi, turist axını 40% azaldı.
Sinqapur, ABŞ və Kanadadan olan şirkətlər işçilərini ödənişsiz məzuniyyətə göndərdilər. Avstraliya bankının Hong-Kongdakı ofisləri işçilərə evdə qalmalarına icazə verdilər.
Epidemiya səbəbindən əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü: Çində bir ailənin qazancı təxminən 25% azaldı, ölkədə işsizlik səviyyəsi artdı. Qeyd edək ki, statistika işsiz miqrantları nəzərə almırdı.
Epidemiyaya görə Sinqapurun ÜDM-si 400 milyon dollar, Kanadanın ÜDM-si isə 5 milyard dollar itirdi. Dünya Bankı Çinin ÜDM-si üçün zərəri 14,8 milyard dollar, dünya üçün isə 33 milyard dollar dəyərində qiymətləndirdi.
SARS Çində İnternet xidmətlərinin inkişafına təkan verdi. Nəticədə, 2003-cü ilin sonunda onlayn satışların həcmi 471 milyon dollara qədər artdı. İldən-ilə satışların həcmi artmağa davam edirdi.
“Alibaba” korporasiyasının qurucusu Cek Ma bütün diqqətini biznes üçün satışlardan özəl alıcılara yönəltdi. Cəmi bir həftəyə “Taobao” onlayn pərakəndə satış bazarı işə salındı.
Bundan əlavə, karantin dövründə SMS populyarlıq qazandı. Bu, “China Mobile” kimi mobil operatorların yüklənməsinə səbəb oldu.
2003-2005: quş qripi
Quş qripi – quşların həzm və tənəffüs orqanlarına təsir edən kəskin yoluxucu virus xəstəliyidir; “A” qripin alt növüdür.
Xəstəlik yaxın əlaqə olduqda quşlardan insanlara keçir. Yoluxmuş insan qripi digər insanlara ötürə bilər. Quş qripi hava-damcı yolu ilə yayılır.
Yaranması və yayılması
Quş qripi ilk dəfə 1996-cı ildə Çində aşkar edilmişdir, 2003-cü ilin fevral ayında Hong-Kongda geniş yayılmağa başladı. Xəstəlik qısa zamanda qonşu ölkələrə yayıldı: Koreya, Vyetnam, Yaponiya və Tailand. Səlahiyyətlilər ölkəyə gətirilən və xəstəlik əlamətləri olan “yerli” heyvanları karantinə aldı.
2004-cü ildə Çin toyuq idxalını qadağan etdi – bu qadağa may ayında qismən aradan qaldırıldı.
2005-ci ilə qədər virus İndoneziya, Afrika, Avropa və Yaxın Şərqdə aşkar edildi.
2014-2015-ci illərdə ABŞ-da da yoluxma halları qeydə alındı.
ÜST-nin 2003-cü ildə verdiyi məlumata görə, ümumilikdə quş qripinə (H5N1) 861 nəfər yoluxmuşdur, onlardan 455 nəfər dünyasını dəyişdi.
2015-ci ilin iyununda ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yoluxanların 15 dəfə çox olduğunu bildirdi.
İqtisadi nəticələr
2004-cü ildə ən böyük itkilərə quşçuluq sənayesi məruz qaldı: Vyetnam, Tailand, Bali, İndoneziya və Malayziya ölkələrində.
Qiymətləndirmələrə görə, quş qripinin Asiya iqtisadiyyatına vurduğu zərər 130 milyard dollar təşkil edib. Epidemiya dövründə 220 milyondan çox quş yoluxub. Təkcə ABŞ-da iqtisadi itkilər 1,3 milyard dollar təşkil edib, quş ətinin qiyməti 30% düşüb.
2003-cü ilin statistikasına görə, SARS və quş qripi səbəbindən turizm və xidmət sahəsində çalışanların 30%-i iş yerlərini itirdi.
HSBC və DedEx kimi bəzi müəssisələr SARS-dan sonra hazırlıqlı idilər: işçilərin bir hissəsi evdən işləyirdi, oflayn görüşlər ləğv edilirdi, ofislərdə dezinfeksiya işləri aparılırdı, əməkdaşların hərarəti ölçülürdü.
Dünya Bankının qiymətləndirmələrinə görə, 2003-cü ildə quş qripi Şərqi Asiya ÜDM-sinin 2% azalması ilə nəticələnib – 800 milyard dollar itki.
2009: donuz qripi
Donuz qripi və ya “meksikanka” – H1N1 virusu ilk dəfə 1930-cu ildə donuzda aşkar edilmişdir.
2009-cu ildə bu virus insanlar arasında yayılmağa başladı. ÜST-nin verdiyi məlumata görə, virusun mənşəyini müəyyən etmək mümkün olmamışdır. Donuz qripi insandan insana hava-damcı yolu ilə keçir.
Yaranması və yayılması
2009-cu ilin mart ayında ilk yoluxma halı Meksikada qeydə alındı. Səlahiyyətlilər bu xəstəliyi mövsümi qrip hesab etdiyi üçün, virus sürətlə ölkə daxilində və xaricində yayıldı.
23 apreldə Meksikada bütün məktəb və universitetlər bağlandı, kütləvi tədbirlər ləğv edildi.
25 apreldə ÜST virusun yayılmasından narahat olmağa başladı. Elə həmin gün Meksiya ölkədə fövqəladə vəziyyət elan etdi.
27 apreldə ÜST donuz qripinin dördüncü, 29 apreldə isə beşinci səviyyəyə aid olduğunu müəyyən etdi (təhlükəli olma baxımdan).
ABŞ-da 5500 nəfər, Meksikada 3500, Kanadada isə 496 nəfər yoluxmuşdur.
29 iyunda donuz qripi pandemiya elan edildi, həmin günə qədər dünyanın 74 ölkəsində 30 mindən çox insan yoluxmuşdur.
Alimlər donuz qripinə qarşı peyvənd üzərində işləyirdilər və artıq 2009-cu ilin noyabrında peyvənd dünyanın 77 ölkəsi üçün əlçatan olmuşdur. ÜST-nin verdiyi məlumata görə, noyabrın 19-da 65 milyondan çox insana peyvənd vurulmuşdur.
2010-cu ilin avqust ayında ÜST pandemiyanın sona çatdığını elan etdi. Ümumilikdə, donuz qrupindən 18 449 nəfər dünyasını dəyişdi.
Karantin və digər tədbirlər
ABŞ, Çin və digər ölkələrin hava limanlarında çalışanlar ciddi yoxlamalardan keçirdi. Meksikada maskaların geyilməsinə hərbçilər nəzarət edirdi. ABŞ, Avstraliya, Çin və digər ölkələrdə bütün məktəbləri 2-4 həftə müddətinə bağlanmışdı.
Bəzi ölkələr (məsələn, Çin) turistləri karantinə alırdı. Ümumilikdə, Çində 340 nəfər karantin altında idi.
İqtisadi nəticələr
Pandemiyadan ən çox təsirlənən sahələrə aviadaşıma, turizm, qida və əyləncə sənayesini aid etmək olar, əczaçılıq isə əksində – böyüdü.
ÜST rəsmi olaraq hava səyahətini qadağan etməsə də, çoxları uçuşlardan imtina edərək biletləri geri qaytarırdı. Qlobal səyahət sənayesi 2,2 milyard dollar itirmişdir.
“Microsoft”, “Geberal Electric”, və IBM kimi böyük şirkətlərin əməkdaşları uzaqdan işləyirdi.
NYT-nin verdiyi məlumata görə, ABŞ və Meksikadakı özəl şirkətlərdə çalışanların 40%-i ödənişsiz məzuniyyətə çıxdı.
2009-cu ildə dünya ÜDM-si 60,3 trilyon dollar təşkil etmişdir (2008-ci ildə bu göstərici 63,6 trilyon dollar olmuşdur).
2014-2019: Ebola virusu
Ebola virusu yoluxmuş heyvanlardan qan və ya digər fizioloji mayelər vasitəsilə ötürülür. Bu xəstəlik ilk dəfə 1976-cı ildə Afrikanın Ebola çayı ərazisində aşkar edilmişdir.
Yaranması və yayılması
2020-ci ildəki məlumatlara görə, Ebola xəstəliyi tarixində ən böyük püskürmə 2014-2016-cı illərdə Qərbi Afrikada olub. Ümumilikdə o dövrdə bu virusa 28 min nəfər yoluxub, onlardan 11 500 nəfər dünyasını dəyişib. Daha çox Afrika ölkələri zərər çəksə də, tək-tək yoluxmalar ABŞ, İtaliya, İspaniya və Böyük Britaniya ərazisində də qeydə alınmışdır.
2014-cü il 8 avqustda ÜST Ebolanı qlobal problem olaraq tanıdı və onun geniş yayıldığı ölkələrə fövqəladə rejim tətbiq etməyi tövsiyə etdi.
Statistikaya görə, 1975-ci ildən 2019-cu ilədək Ebola xəstəliyinə ümumilikdə 33 min insan yoluxub, onlardan 15 min nəfər dünyasını dəyişib.
Karantin və digər tədbirlər
Syerra-Leone, Qvineya və Liberiyada həkimlər çatışmırdı, xəstəxanalar su, sabun və qoruyucu vasitələrdən məhrum idilər. 2014-cü ildə bu ölkələrdə 700-dən çox həkim yoluxmuşdur, onların yarısı ilin sonuna qədər dünyasını dəyişdi. Liberiyada tibb işçilərinin 8%-i vəfat etdi, 17 mindən çox uşaq yetim qaldı.
Eboladan təsirlənən ölkələrdə 2014-2016-cı illərdə karantin rejimi tətbiq edildi, təhsil müəssisələri bağlandı, əhalinin sərbəst hərəkəti məhdudlaşdırıldı.
Məsələn, Syerra-Leonedə 1,5 milyon nəfər karantin altına idi, ölkə daxili və xarici sərhədlərini bağlamışdır. Yoluxma riskini azaltmaq məqsədi ilə kommersiya bankları iki saatlıq iş rejiminə keçdi.
Bütün qadağalara baxmayaraq, afrikalılar xəstə qohumlara qayğı göstərməyə, dəfn mərasimlərini təşkil etməyə davam edirdilər ki, bu da Ebolanın daha geniş yayılmasına səbəb oldu.
İqtisadi nəticələr
Ebola ən çox Afrikanın kənd təsərrüfatı sektoruna zərbə vurdu: sənaye gəlirləri üç dəfə azaldı, müəssisələrin beşdə biri bağlandı. Epidemiya ilə əlaqədar olaraq, aviadaşımalar və turizm sahələrinin həcmi azaldı. Bundan əlavə, dağ-mədən və mettalurgiya sənayesi zərər gördü.
Dünya Bankının qiymətləndirmələrinə görə, Qvineya, Liberiya və Syerra-Leone ölkələrinin ümumi itkisi 2,8 milyard dollar təşkil etdi.
Epidemiya Qərbi Afrika ölkələrinin həyat səviyyəsini aşağı saldı. Sorğulanan insanların 70%-i özünə yemək ala bilmədiyini bildirdi.
Liberiyada demək olar ki, hər ikinci şəxs işsini itirdi, Qərbi Afrikanın digər ölkələrində işsizlik səviyyəsi artdı.
Qvineyanın ÜDM-si 4,5%-dan 3,5%-a düşdü. Liberiyada ÜDM itkisi 100 milyon dollar, Syerra-Leonedə isə 800 milyon dollar təşkil etdi.
2020: Covid-19
Koronavirus infeksiyasıdır, respirator xəstəliklərinə aiddir, törədicisi SARA-CoV-2 koronavirusudur.
Yaranması və yayılması
İlk yoluxma halı 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərində qeydə alınıb.
12 yanvar 2020-ci ildə ilk dəfə olaraq Çinin sərhədlərindən kənarda – Tailandda qeydə alınıb.
Yanvarın 30-da ÜST bu xəstəliyi fövqəl vəziyyət olduğunu qəbul etdi. Həmin dövrdə yoluxanların sayı təxminən 9000 min nəfər olmuşdur.
Fevralın 28-də xəstəlik 46 ölkəyə yayıldı, onlardan 38-i ÜST-nin tövsiyələrinə uyğun olaraq karantin və özünü təcridetmə rejimi elan etdi.
Martın 11-də ÜST Covid-19 virusunu pandemiya elan etdi, bir çox ölkə sərhədlərini bağladı.
Aprelin sonlarından Danimarka, Fransa, Avstriya və İtaliya karantin rejimini sadələşdirdi.
2020-ci il 3 may tarixi üçün olan məlumata görə, dünyada 3,45 milyondan çox yoluxma və 244 mindən çox ölüm halı qeydə alınıb.
Karantin və digər tədbirlər
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün ölkələr karantin və maska rejimlərini tətbiq etdilər, təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, sərhədlər bağlandı.
Bir çox kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı: Tokio 2020 Oplimpiya Oyunları, Dünya Kubokları, moda nümayişləri və s.
İtaliya, Fransa, Çin, Yunanıstan və digər ölkələrdə evdən çıxmaq üçün icazə almaq tələb olunur.
İqtisadi nəticələr
Koronavirus pandemiyasından ən çox turizm, aviadaşımalar, riteyl və xidmətlər sahəsi zərər görüb.
“Ford”, “General Motors”, “Fiat Chrysler” və “Honda” şirkətləri ABŞ-dakı ofislərini bağladılar.
Koronavirusun yayılması dünyada fond indekslərinin düşməsinə səbəb oldu. Martın 12-də S&P 500 9,4%, martın 23-də isə 2237 punkt səviyyəsinə düşdü. Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının 3% azalacağını proqnozlaşdırır.
Beynəlxalq Əmək Təşkilatının qiymətləndirmələrinə görə, pandemiya səbəbindən 25 milyondan çox insan iş yerini itirə bilər. Əmək şərtlərinin pisləşməsinə görə 2020-ci ilin sonuna qədər işçilər 860 milyard dollardan 3,4 trilyon dollaradək itirəcəklər. Gəlirin azalması işləmək qabiliyyəti olan dünya əhalisinin 80%-nə təsir edəcəkdir.
Çin fevralın ortalarına qədər ÜDM-nin təxminən 1%-ni (1 trilyon yuan və ya 143,1 milyard dollar) itirdi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2020-ci ildə qlobal iqtisadi artımın iki dəfə azalaraq 1,4-1,5% olacağını proqnozlaşdırdı. “Bloomberg” isə qlobal iqtisadiyyatın 2020-2021-ci illərdə 5 trilyon dollar itirəcəyini bildirdi.
Bəzi nəşrlər – CNN, “The Guardian”, “New York Times”, “Bloomberg” – pandemiyanın qlobal iqtisadi tənəzzül ilə nəticələnəcəyinə inanır, lakin onların proqnozları bir-birindən fərqlənir.