-1 C
Baku
Sunday, December 15, 2024

İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə 128,2 mln. manatlıq büdcə formalaşdırılıb

İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb ki, bu da cari ilin göstəricisindən 30% çoxdur.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu məbləğin 111,9 mln. manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək.

“Qeyri-büdcə təşkilatlarının sayı artıq 68% çatıb ki, büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildən gözlənilən 16 mln. manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək. Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini müvafiq olaraq İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcəkdir”, – deyə nazir qeyd edib.

S. Babayev əlavə edib ki, gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır. Bununla bağlı hazırda Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir.

“Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə biz ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək”, – deyə S. Babayev əlavə edib.

Nazirin sözlərinə görə, eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulur.

“Cari ildə plana uyğun olaraq 100 min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq. Haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək”, – deyə nazir bildirib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər