“İstəyirik ki, gənclər kənd yerlərindən şəhərə getmək məcburiyyətində qalmasınlar”

0

Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gənclərin məşğulluğunun təmin edilməsi, onların kiçik sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi üçün yeni layihənin icrasına başlayıb. Artıq 1000-dək gənc “Aqrar məşğulluğun artırılması” layihəsində iştirak etmək üçün qeydiyyatdan keçib. İlkin seçim mərhələsini uğurla başa vurmuş 300 gənc təlimlərə cəlb ediləcək.

Banker.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, layihənin məqsədi Azərbaycanın nümunəvi fermerlərini formalaşdırmaqdır: “İstəyirik ki, gənclər kənd yerlərindən şəhərə getmək məcburiyyətində qalmasınlar. Layihədə iştirak üçün əsas seçim kriteriyası gənclərin kənd təsərrüfatı ilə məşğul olmaq həvəsi və kənd yerlərində yaşamaq istəməsidir. Həmin gənclərə minimum baza bilikləri aşılanacaq, seçdikləri sahədən asılı olaraq dəstək göstəriləcək. Daha sonra isə onların maliyyəyə çıxışı dəstəklənəcək”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ilə kənd yerlərində yaşayan gənclər mikro sahibkar kimi formalaşacaq, onlara 2.000 manatdan başlayaraq maliyyə vəsaiti veriləcək: “Bu, nağd pul şəklində deyil, onlara maddi-texniki baza yaradılması formasında ola bilər. Həmçinin, gələcəkdə gənclərin innovativ ideyalarının reallaşdırılması üçün qrantlar verilməsi nəzərdə tutulur”.

Agentlik rəhbəri vurğulayıb ki, belə layihələrə beynəlxalq və dövlət qurumları, aidiyyəti nazirliklər də yaxından maraq göstərirlər. Bəzi özəl qurumlar agentliyə müraciət edərək layihənin tərəfdaşı olmaq istədiklərini bildiriblər.