3 C
Baku
Saturday, December 14, 2024

“İstənilən insanla dil tapmaq”: Larri Kinqin kitabından uğurlu danışıqların sirri

Dünyanın ən məşhur jurnalisti və televiziya aparıcısı Larri Kinq 2021-ci il 23 yanvar tarixində dünyasını dəyişdi. O, karyerası ərzində 50 mindən çox məşhurla görüşdü, radio yayımının inkişafına verdiyi töhfələrə görə “Emmy” və digər mükafatlar qazandı, dəfələrlə ən yaxşı müsahibəçi kimi tanındı.

Bundan əlavə, Kinq natiqlik mövzusunda bir neçə kitab da yazdı, onlardan ən tanınmışı “İstənilən şəxslə, istənilən vaxt və istənilən yerdə necə danışmaq lazımdır” adlanır.

Bu kitabın ən maraqlı və faydalı parçalarını sizinlə bölüşürük.

Uğurlu danışığın əsasları

1. Özünüzə və insanlara qarşı dürüst olun

Nə hiss etdiyinizi bölüşün, özünüzə və insanlara qarşı dürüst olun. Bu, qorxunun böyük hissəsini aradan qaldırmağa və ətraf mühiti yaxşılaşdırmağa kömək edəcəkdir. Başqaları ilə açıq olsanız, onlar da sizə daha çox dəyər verəcəklər.

2. Ünsiyyət qurmaq bacarığını inkişaf etdirin

Özünüzü narahat hiss etsəniz belə, boş vaxtınızda insanlarla ünsiyyətdə olun.  Avtomobildə, evdə, güzgü qarşısında özünlə danışmaq – əla məşqdir. Sonuncu həm də göz təmasını inkişaf etdirmək üçün uyğun gəlir. Və ya istəsəniz, ev heyvanlarınızla danışa bilərsiniz.

3. Qarşınızdakı insana maraq göstərin

İnsanların gözlərinə baxın, irəli əyilib onlar haqqında suallar verin. Unutmayın ki, sizin cahil olduğunuz bir çox sahələr var ki, həmsöhbətiniz onlar haqqında sizinlə öz bilik və təcrübəsini bölüşə bilər.

“Əgər insanlar onların dedikləri ilə maraqlanmadığınızı başa düşsələr, belə ünsiyyət heç vaxt uğurlu olmayacaqdır”.

4. Hər hansısa qüsurlar varsa, onları üzə çıxarın

Məsələn, kəkələdikdə insanlara “Mən kəkələyirəm, bu səbəbdən bir şey söyləmək üçün daha çox zamana ehtiyacım var”. Əgər bunu açıq şəkildə etsəniz, sizin və başqalarının hər şeyin qaydasında olduğunu göstərməyə, aldatmağa ehtiyac olmayacaq. Əslində, insanların vecinə də deyilsiniz – yalan danışmağa dəyməz.

Buzu qırmaq: tanımadığınız insanlarla necə ünsiyyət qurmaq olar

1. Utancaqlığın öhdəsindən gəlmək

Etməli olduğunuz ilk şey qarşı tərəfin özünü rahat hiss etməsi üçün əlinizdən gələni görməkdir. Çoxumuz təbiətcə utancaqdır və tanımadığı şəxslə danışanda özünüzü narahat hiss edir.
Çəkinməyin, unutmayın ki, qarşınızdakı da insandır və onun özünü çox şey narahat edə bilər. Əgər kimsə sizdən daha populyar və uğurlu görünürsə, bu onun tamamilə fərqli bir insan olduğu anlamına gəlmir.

Sakit olun, çünki insanların əksəriyyəti sadə mühitdə böyüyüb. Siz özünüzü onlardan aşağı hiss etməməlisiniz. Yox, həmsöhbətiniz utancaq insandırsa, qorxusunu aşa bilməsi üçün ona bir neçə asan və sadə sual verin.

2. Ünsiyyətə hansı mövzulardan başlamaq olar

Müzakirə üçün yaxşı mövzulara aid etmək olar: uşaqlar, ev heyvanları, fotolar və ya suvenirlər. Bunlar insanlara bir-birinə daha yaxın olmağa kömək edir, eyni zamanda neytral mövzulara aid olunur.

3. Ünsiyyətin birinci qaydası: dinləmək

Əldə etməli olduğunuz ilk bacarıq – qarşınızdakı insanı dinləmədir. Yaxşı danışmaq üçün diqqətlə qulaq asmaq lazımdır, çünki bu, daha maraqlı və aydınlaşdırıcı suallar hazırlamağa kömək edir.  İstəsəniz, söhbətdən əvvəl qeydlər edə bilərsiniz.

Burada yalnız bir qayda var: gözlənilməz suallara gözlənilməz cavablar verilməlidir. Bu, müzakirəni maraqlı yöndə gedəcəyinə zəmanət verir. Eyni zamanda, insanların ən çox özləri ilə maraqlandıqlarını unutmayın.

Bədən dili və göz təması

Bədən dili – insanın danışdığı ikinci dildir. O, təbii olmalıdır və qarşınızdakı insan tərəfindən yaxşı mənimsənilməlidir. Əks təqdirdə, saxtakarlığınız gözə çarpacaq və ünsiyyətiniz getdikcə daha da “süniləşəcək”.

Danışma sürətinə diqqət yetirin. Tez-tez sual verməyin, həmsöhbətinizin nəfəsini kəsməyin. Bir sözlə, cavabı “həzm etmək” üçün ona bir neçə saniyə vaxt verin.

Göz təması həm ünsiyyətin əvvəlində, həm ortasında, həm sonunda vacibdir. İnsanlara diqqət yetirmək üçün onlara meyl edin, gözlərinə baxın. Bununla yanaşı, mütəmadi olaraq kənara baxmağı və ya dönməyi unutmayın.

Hansı suallar daha yaxşı işləyir, hansıları isə o qədər də yox?

Ən yaxşı suallara bunları aid etmək olar: “Kim?”, “Necə?”, “Harada?”, “Niyə?”. Onlar qarşı tərəfin danışmasına imkan verirlər, çünki qısadırlar və cavabları sadədir.

Əsas odur ki, uzun bir açıqlama verib sonra “Bu barədə nə düşünürsünüz?” deyə soruşmayasınız. “Niyə?” indiyə qədər verilən ən yaxşı sualdır. O, mövzunu daha dərindən araşdırmağın, o cümlədən duyğuları və səbəbləri öyrənməyin ən rahat yoludur.

Uğurlu oratorların 9 xüsusiyyəti

Uğurlu insanlar – ən yaxşı oratorlardır və əksinə, çünki onlar müvəffəqiyyət və əzəmət əldə etmək üçün istənilən şəraitdə yaxşı ünsiyyət qura bilirlər. Ünsiyyət bacarıqları isə, bildiyimiz kimi, inkişaf etdirilə bilər, bu da işdə daha uğurlu ola biləcəyiniz deməkdir.

Əksər insanlar üçün ən böyük problem gündəlik söhbətlərdə effektiv olmaqdır. Ünsiyyətdə uğurlu olmaq üçün öyrənməli olduğunuz bir neçə xüsusiyyət var:

1. Həyata fərqli bucaqdan baxmaq. Tanınmış mövzularda yeni şeylər görməyi öyrənmək, müzakirə üçün gözlənilməz nöqteyi-nəzərləri axtarıb tapmaq. Bu işdə sizə dünyagörüşü və düşüncə çevikliyi kömək edə bilər.

2. Üfüqlərini genişləndirmək. Bunu etmək üçün çox ünsiyyət qurmalı və eyni zamanda dialoqda maraqlı olduğunu göstərmək lazımdır. İnsanları yaxşı dinləməklə müxtəlif mövzular və fikirlər öyrənə bilərsiniz. Üstəlik, dinləmək vərdişi sizi başqalarının gözündə xoş həmsöhbət kimi göstərəcək.

3. Söhbətdə həvəsli olduğunu nümayiş etdirmək və qarşıdakına maraq göstərmək. Məsələn, iş, ailə və ya hobbi haqqında danışmaq. Bir sözlə, maraq doğuran bir şeyi müzakirə etmək.

4. Özün haqqında az danışmaq. Əlbəttə ki, özünüz haqqında danışa bilərsiniz, lakin bu, uzunsürən və qarşıdakı insanı darıxdıran bir proses olmamalıdır. Çalışın mütəmadi olaraq diqqətinizi həmsöhbətiniz üzərinə qaytarın.

5. Maraqlı olmaq. Ən yaxşı natiqlər hər şeylə maraqlanırlar – bu, onları yaxşı dinləyici edir və üfüqlərini genişləndirir.

6. Rəğbət göstərmək. İstənilən ünsiyyətdə empatiya nümayiş etdirmək, insanlarla emosional əlaqələr yaratmaq və qarşıdakının hisslərini başa düşdüyünü göstərmək lazımdır.

7. Yumor hissinə sahib olmaq. Heç vaxt uzun müddət ərzində ciddi qalmaq lazım deyil. Lakin zarafatları məcburiyyətə çevirməyin – olduğunuz kimi olun.

8. Üslubunu qoruyub saxlamaq. Hər bir natiqin fərdi yanaşma tərzi olmalıdır. Özünüz üçün ən rahat hesab etdiyiniz tərzi seçin və hər şey düşündüyünüzdən də yaxşı olacaq.

9. Bəzən susmaq daha yaxşıdır. Nə qədər istedadlı natiq olsanız da, bəzən susmaq daha məqsədəuyğundur.

 

 

Son xəbərlər
Digər xəbərlər