İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Rusiya və Amerika diplomatları arasında görüş barədə bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, danışıqların mövzusu iki ölkənin səfirliklərinin işi olacaq.
Rusiya və Amerika tərəflərinin müzakirə etməyi planlaşdırdıqları məsələlər arasında səfirliklərdə kadrların sayı və vizaların rəsmiləşdirilməsi, həmçinin diplomatların işi üçün zəruri olan bank əməliyyatları da var.
Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Rusiya tərəfi səfirliklərin normal fəaliyyəti üçün Moskvanın həllini vacib hesab etdiyi məsələlərin siyahısını ABŞ-yə təqdim edib. “Bura maliyyələşdirmə və diplomatların hərəkətini və sayını məhdudlaşdırmaq cəhdləri daxildir”, – deyə Lavrov bildirib.