Bosfor boğazından İstanbula girişdəki kiçik adada yerləşən tarixi Qız qülləsi iki il davam edən bərpa işlərindən sonra yenidən turistlərin ziyarətinə açılıb.
Bu gündən etibarən meqapolisin sakinləri və qonaqları onlar üçün nəzərdə tutulan və Karaköy sahilindən hərəkət edən qayıqlarla qülləni ziyarət edə biləcəklər.
Müasir İstanbulun tarixi rəmzlərindən və görməli məkanlarından biri olan Qız qülləsinin tarixi Bizans imperiyası dövrünə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində bu tikili fərqli məqsədlər üçün, o cümlədən mühafizə qülləsi, mayak, gömrük məntəqəsi və karantin stansiyası qismində istifadə olunub.