10 C
Baku
Wednesday, December 11, 2024

İstehlakçının etibar indeksi (CCI) nədir?

İstehlakçının etibar indeksi (Consumer confidence index, CCI) – əhalinin gözlənti və iqtisadiyyatın vəziyyətini göstərən, istehlakçı sorğularına əsaslanan iqtisadi indikatordur.

Bu sorğu sayəsində əhalinin gələcək günə, gəlirlərinin sabitliyinə nə dərəcədə əmin olduqları, alış-veriş üçün xərclərə hazır olub-olmadıqları təyin edilir. Belə hesab edilir ki, iqtisadiyyat nə qədər yaxşı inkişaf edərsə, istehlakçı indeksi də bir o qədər yüksək olar. Və əksinə, vəziyyət nə qədər pis olarsa, əhali də bir o qədər puluna qənaət edər və az xərcləyər.

İstehlakçının etibar indeksinin dəyişməsi məhsul istehsalçıları üçün ən yaxşı siqnaldır. Bu indeksə əsaslanaraq istehsalat ya genişləndirilir, ya da məhdudlaşdırılır. Bundan əlavə, indeks investorlara sərmayə alətləri seçməklə bağlı qərar verməkdə köməklik edir. Məsələn, indeksdə müşahidə edilən artımlar müəyyən şirkətin səhmlərini almağa bir siqnal ola bilər.

ABŞ-da istehlakçının etibar indeksi 1967-ci ildən başlayaraq Confidence Board adlı qeyri-kommersiya təşkilatı tərəfindən hesablanır və növbəti ayın 20-sindən sonra, Vaşinqton saatı ilə 10:00-da nəşr edilir. İndeksin artması ABŞ dollarını möhkəmlənməsinə, birja indekslərinin artmasına səbəb olur və dünya fond birjalarına təsir edir.

Bir faktı qeyd etmək lazımdır ki, istehlakçının etibar indeksinin böyüklüyü kifayət qədər şərti amildir və bəzi hallarda ölkə iqtisadiyyatının real vəziyyətini əks etdirməyə də bilər. Buna baxmayaraq, sözügedən bu indikatordan ölkənin iqtisadi tendensiyasını və əhalinin məşğulluğu ilə bağlı tendensiyanı proqnozlaşdırmaq üçün geniş şəkildə istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər