İstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ müəyyənləşir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istehlakçının istehlak krediti müqaviləsindən 30 gün müddətində heç bir səbəb göstərmədən imtina etmək hüququ müəyyənləşir. Layihədə bu halda onun hüquqi nəticələri (pul vəsaitinin və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəmə öhdəliyi) istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası (istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytardıqda qalıq müddətinə görə hesablanmış faizlər və digər halların vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılması), istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənə zərərin əvəzinin ödənilməsi məsələsi (onun faizi və tələb olunmasını istisna edən hallar), gecikdirməyə görə faizin məbləğinin məhdudlaşdırılması (həmin faizlərin məbləği istehlak krediti mü qaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə 5 % bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməməsi), gecikdirilmə faizlərinin hesablanmasının 180 gündən çox davam edə bilməməsi kimi məsələlər də əksini tapıb. Qeyd edilib ki, istehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir. İstehlak krediti müqaviləsində göstərilməyən hər hansı xərclər və digər ödənişlər istehlakçıdan tələb edilə bilməz. Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsız sayılacaq. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilməyəcək.