Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.
Məzuniyyətə görə pul əvəzinin ödənilməsi iki şəkildə baş verə bilər – cari və keçmiş illərə görə ödənilən kompensasiya. Hər iki halda ödənilən kompensasiyanın vergi və sosial sığorta haqlarına cəlb edilib-edilməməsi və ya hansı şəkildə cəlb edilməsi çaşqınlıq yaradırdı. Bununla bağlı Dövlət Vergi Xidmətinin izahatı vardır. İzahata görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb edilməsi aşağıdakı şəkildə aparılmalıdır:
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat azadolma məbləği çıxılacaq.
Misal 1: Qeyri-neft və özəl sektorda çalışan işçi cari il ərzində məzuniyyət hüququndan istifadə edə bilmir və əvəzində məzuniyyətin kompensasiyası üçün müraciət edir. Aprel ayında işçinin əməkhaqqı məbləği 400 manat, məzuniyyətin kompensasiyası isə 379 manat olub. Aprel ayında işçiyə cəmi 779 manat gəlir hesablanıb. Yuxarıdakı halda işçinin əməkhaqqı məbləği vergi və sosial sıgorta haqqına necə cəlb olunmalıdır? Əməkhaqqı məbləği ayrı, kompensasiya ayrı, yoxsa birlikdə vergi və sosial sığorta haqqına cəlb olunmalıdır?
Cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Misalda göstərilən hala əsasən, müəssisə qeyri-neft və özəl sektora aid olduğu üçün 2019-cu il yanvarın 1-dən 7 il müddətinə fiziki şəxslərin gəlir vergisi əməkhaqqı 8000 manatdan aşağı olduğuna görə tutulmur. Dövlət və neft sektoru olsaydı ayrı-ayrılıqda vergiyə cəlb olunacaqdı. Nəticədə 400 manat əməkhaqqı şəklində ayrılıqda, 379 manat isə kompensasiya şəklində ayrılıqda sosial sığorta haqqına cəlb ediləcək.
Əməkhaqqından hesablanan sosial sığorta haqqı:
İşçidən: 200 x 3% = 6 manat;
200 x 10% = 20 manat
Cəmi: 6 + 20 = 26 manat.
İşəgötürəndən: 200 x 22% = 44 manat;
200 x 15% = 30 manat;
Cəmi: 44 + 30 = 74 manat.
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan hesablanan sosial sığorta haqqı:
İşçidən: 200 x 3% = 6 manat;
179 x 10% = 17.9 manat;
Cəmi: 6 + 17.9 = 23.9 manat.
İşəgötürəndən: 200 x 22% = 44 manat;
179 x 15% = 26.85 manat;
Cəmi: 44 + 26.85 = 70.85 manat.
Misal 2: İşçi bankda kredit mütəxəssisi vəzifəsində 1 yanvar 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ilin aprel ayında öz xahişi ilə əmək müqaviləsinə xitam verilib. İşçi müəyyən səbəblərdən 2019, 2020 və 2021-ci ilin məzuniyyətindən istifadə etməyib. Nəticədə onun həmin tarixə 70 gün (30+30+10) istifadə edilməmiş məzuniyyəti var. İşçiyə əmək müqaviləsinə xitam verildiyi zaman 5000 (2000+ 2000+1000) manat kompensasiya, 1200 manat cari aya görə əməkhaqqı hesablanıb. Əməkhaqqı və kompensasiyanın vergi və sosial sığorta haqqlarına cəlb edilməsinə aydınlıq gətirək.
Öncə qaydanı xatırlayaq:
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Deməli, 2019 və 2020-ci illərin istifadə edilməmiş məzuniyyət haqları hər il üzrə 2000 manat olmaqla illər üzrə ayrılıqda, 2021-ci ilin kompensasiyası isə aprel ayının əməkhaqqına əlavə edilmədən ayrılıqda 1000 manat və 1200 manat şəklində vergi və sosial sığorta haqqına cəlb olunacaq. İş yerinin dövlət və ya özəl sektor olmasından asılı olaraq, hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat azadolma məbləği çıxılacaq.
Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı