Banker.az saytının verdiyi məlumata görə, comparethemarket.com tərəfindən həyata keçirilmiş araşdırmaya əsasən, 2016-cı ildə britaniyalıların 12%-i kibercinayətkarlıq səbəbindən öz kredit və yaxud debet kartlarını bağlayıb.
Son məlumatlara görə, kibercinayətkarlıq səviyyəsi sürətlə artmağa davam edir. 2016-cı ilin sentyabr ayından başlayaraq öz ödəniş kartlarını bağlayan istifadəçilərin sayı 4,5 milyondan 5,5 milyona çatıb. Araşdırmanın nəticələri təsdiq edir ki, pulları bankda saxlamaq heç də təhlükəsiz deyil.
Kibercinayətkarlıq nəticəsində bank müştərilərindən oğurlanan məbləğ 475 funt sterlinqdən 600 funt sterlinqə qədər artıb.
Sözügedən bu kiber hücumlar banklar üçün əsl problemə çevrilib. Xakerlərin fəaliyyəti nəticəsində pullarını itirmiş hər 5-ci istifadəçi müştərisi olduğu bankı dəyişib və yaxud bunu etməyə hazırlaşır.
Xakerlərin fəaliyyətləri adətən online ödənişlərə istiqamətlənmiş olur. Sorğuda iştirak edən respondentlərin 46%-i bu faktı qeyd edib.