15 C
Baku
Saturday, April 20, 2024

İstilik enerjisindən istifadə ilə bağlı yeni qərar verildi

İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “İstilik enerjisindən istifadə qaydaları”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək. İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.

İstehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması texniki şərtlər əsasında həyata keçirilir. Texniki şərtlər aşağıdakı hallarda verilir:

– yeni tikilən və ya istilik şəbəkəsinə əvvəllər qoşulmamış tikinti obyektlərinin istilik və isti su təchizatı üçün;

– istilik istehlakı sisteminin genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar maksimal saatlıq gücün və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi nəticəsində mövcud texniki şərtlərin tələblərindən kənara çıxma olduqda;

– xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

– istilik şəbəkəsi yenidən qurulduqda.

Müəssisə heç bir ayrı-seçkiliyə yol vermədən bu Qaydalara uyğun olaraq texniki şərtlər verməlidir. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu müddətə, digər hallarda isə 3 (üç) il müddətinə verilir və bu müddətdə sifarişçi ilə Müəssisə arasında müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Sistemə aşağıdakı məlumatlar daxil edilir:

– sifarişçi hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxs olduqda isə – soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və FİN nömrəsi, VÖEN-i (olduqda);

– sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti;

– sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin təyinatı;

– tələb olunan istilik gücü və istehlakın növləri (texnoloji, isitmə, isti su);

– sifarişçinin elektron poçt ünvanı (olduqda), mobil telefon nömrəsi.

Müəssisənin nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini, ona əlavə olunmuş sənədləri qəbul edir və həmin gün Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır. Sistemə daxil edilmiş məlumatların bu Qaydalara uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə çatışmazlıqlar və ya bu Qaydalarda nəzərdə tutulmuş imtina üçün əsaslar olmadıqda, sənədlər qeydə alındığı gündən 10 (on) gün müddətində Müəssisə tərəfindən texniki şərtin verilməsi haqqında, imtina üçün əsaslar olduqda isə imtina barədə qərar qəbul edilir. Sifarişçi sənədlərində aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir, yaxud poçt göndərişi vasitəsilə (eyni zamanda ərizəsində qeyd olunduğu halda elektron poçt ünvanına) sifarişçiyə göndərilir və Sistemə yüklənir. İstilik təchizatı sisteminin layihəsinin hazırlanması və tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən istilik şəbəkəsinin qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri sifarişçinin öz vəsaiti hesabına, onun seçiminə uyğun olaraq Müəssisə və ya podratçı tərəfindən həyata keçirilir.

Müəssisə tərəfindən həyata keçirildiyi hallarda istilik təchizatı sisteminin layihəsi ilə yanaşı, smeta sənədləri də hazırlanır. İstilik təchizatı sisteminin layihəsinin podratçı tərəfindən hazırlanacağı hallarda Sistemə daxil edilmiş məlumatların təsdiqləndiyi gündən 10 (on) gün müddətində Müəssisə texniki şərtləri hazırlayaraq xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edir və ya Sistemə yükləyir və sifarişçi ilə iki nüsxədə qoşulma müqaviləsi bağlayır. Qoşulma müqaviləsinin bir nüsxəsi Müəssisədə saxlanılır, digər nüsxəsi isə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və Müəssisə tərəfindən həmin gün Sistemə yerləşdirilir. Nəzərdə tutulan işlər Müəssisə tərəfindən həyata keçiriləcəyi hallarda Müəssisənin nümayəndəsi Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğunun təsdiqləndiyi gündən etibarən 1 (bir) gün müddətində tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) istilik şəbəkəsinə optimal qoşulma nöqtəsini müəyyən edir. Həmin nöqtədən tikinti obyektinə istilik xətlərinin çəkilməsi üçün 3 (üç) gün müddətində optimal trassanın (yolun) layihəsinin hazırlanması və həmin trassa (yol) üzrə istilik xətlərinin çəkilməsi üçün istilik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, bu Qaydalar əsasında rəyi tələb olunan orqanların (qurumların) siyahısının müəyyən edilməsi üçün Müəssisə Nazirlər Kabinetinin razılıq verdiyi tikinti obyektlərinə və Bakı şəhərinin inzibati ərazisi və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərinə münasibətdə Azərbaycan Respublika-sının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, sərəncamına verilmiş torpaq sahəsində sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə, digər hallarda müvafiq yerli icra hakimiyyəti orqanına Sistem vasitəsilə sorğu göndərir. Müəssisənin nümayəndəsi seçilən trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) siyahısının Sistemə yerləşdirildiyi gün Sistem vasitəsilə həmin orqanlara (qurumlara) müraciət edir. Müəssisənin nümayən- dəsi tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin orqanlar (qurumlar) 3 (üç) gündən gec olmayaraq Sistemdə münasibət bildirirlər. Bu zaman həmin orqanlar (qurumlar) tərəfindən istilik təchizatı sisteminin layihəsində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Rəyi tələb olunan orqanlar (qurumlar) bu bəndin ikinci cümləsində göstərilən müddət ərzində münasibət bildirmədikdə, məsələ razılaşdırılmış hesab olunur. Müəssisənin nümayəndəsi bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulan bütün orqanların (qurumların) razılığını aldığı gün texniki şərtlər və istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün Müəssisə tərəfindən müəyyən olunan məbləğ barədə bildirişi Sistemə daxil edir və SMS-lə sifarişçinin mobil telefon nömrəsinə göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 1 (bir) gün ərzində istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün tələb olunan vəsaiti Sistem vasitəsilə Müəssisənin bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə Müəssisənin nümayəndəsinə təqdim edir. Vəsait köçürüldükdən sonra sifarişçi ilə iki nüsxədə qoşulma müqaviləsi bağlanılır, qoşulma müqaviləsi kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və Müəssisə tərəfindən həmin gün Sistemə yerləşdirilir. Müəssisənin nümayəndəsi texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün Müəssisəyə müvafiq sənədlərlə müraciət edir. Müəssisə bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda 20 (iyirmi) gün müddətində texniki şərtləri və istilik təchizatı sisteminin layihəsini hazırlayır. Bu zaman Müəssisə sifarişçinin iştirakı olmadan tikinti obyektinə yerində baxış keçirə bilər.

Müəssisə tərəfindən texniki şərtlər və istilik təchizatı sisteminin layihəsi xidmət nöqtələrindəki Müəssisənin nümayəndə- sinə təqdim olunduqdan sonra Müəssisənin nümayəndəsi tərəfindən həmin gün sifarişçiyə məlumat verilir. Texniki şərtlər və istilik təchizatı sisteminin layihəsi xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir.

Həmin işlər texniki şərtlərə və istilik təchizatı sisteminin layihəsinə əsasən qoşulma müqaviləsində göstərilən müddətdə və bildirişdə əks olunan vəsait sifarişçi tərəfindən Müəssisənin bank hesabına köçürüldükdən sonra yerinə yetirilir. Sifarişçi bildirişə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləği Sistem vasitəsilə Müəssisənin bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə Müəssisənin nümayəndəsinə təqdim edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər