Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.
Bununla bağlı “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, həmin hallar aşağıdakılar olacaq:
– İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
– Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;
– enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə bağlanmadıqda;
– İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
– təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;
– Məhkəmənin qərarı ilə;
– dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.