“Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.
Bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
“Artıq 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur”, – mətbuat katibi əlavə edib.
Qeyd edək ki, istilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadratmetrə tarif tətbiq olunanda verilən temperaturdan asılı olmayaraq, eyni tarif tətbiq olunur.
İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.