Azərbaycanda korporativ qiymətli kağızlar bazarı cari ildə daha aktiv görünür. Bir sıra şirkətlər banklardan, kredit təşkilatlarından yüksək faizli kredit almaq əvəzinə fond birjasına üz tutur və istiqraz buraxıb, istədikləri borc vəsaitlərini investorlardan cəlb edə bilirlər. Bu gün istiqraz bazarında ən yuxarı illik gəlirlilik 15%-ə çatıb.
Fond bazarına üz tutmaq o qədər sadə deyil. Bunun üçün şirkətlər “şəffaflığı” təmin etməlidir. Üç illik audit edilmiş hesabatını, səhmdarlarını, risk və s. məsələləri tənzimləyicilər təqdim etməli və eləcə də investorlar qarşısında açıqlamalıdırlar.
İlin ilk 6 ayında Bakı Fond Birjasında 395.92 mln. manat ekvivalentində korporativ qiymətli kağızlar buraxılıb. Bu, illik müqayisədə 16% böyümədir. Bunun 336.69 mln. manatı istiqrazlar, qalan 59.23 mln. manatı isə səhmlərdir.
Cari inflyasiya şəraitində bank depozitləri investiya aləti kimi effektli deyil. Ölkədə inflyasiya iki rəqəmli olduğu təqdirdə banklarda depozit faizləri 6-10.5% arasında dəyişir. Doğrudan da, bu baxımdan investisiya kimi istiqraz faizləri çox cəlbedicidir. Əlavə olaraq bu bazarın inkişaf etməsi maliyyə bazarında təmərküzləşmə üçün əngəldir və ölkənin fond bazarı üçün çox önəmlidir. Əhali sərbəst vəsaitini təkcə banka depozit kimi deyil, bu alətlərə də yerləşdirə biləcək. Qeyd olunanlar kreditləşmə ilə bağlı təmərküzləşməni neytrallaşdıra bilər, şirkətlərin daha aşağı faizli borc vəsaiti cəlbinə gətirib çıxara bilər.
Lakin bu irəliləyiş və şəffaflığın investorlar üçün nə qədər yetərli olması sual doğurur. Şirkətlər istiqrazları hərraca çıxarmamış, emisya prospektini elan edir. Emisya prospektində şirkətin üç illik audit hesabatları üzrə xalis mənfəət/zərəri, aktivləri, cəmi öhdəlikləri, pul vəsaitlərinin həcmi və kapitalı təqdim edilir. İnvestorlara bu göstəriciləri analiz edərək onların 12-15% arası buraxdığı istiqrazları almağı təklif edirlər. Hətta ABŞ dollarında 15% illik gəlirlilik təklif edən istiqraz da var.
Əgər bu istiqrazlar geniş bir investor kütləsi üçün nəzərdə tutulubsa, niyə həmin şirkətlərin hesabatları müfəssəl deyil? Bu şirkətlərin audit hesabatları dünya standartlarına nə qədər uyğun aparılır? Əgər bu genişdirsə, niyə onların üç illik audit hesabatlarının tam versiyası investorlar üçün açıqlanmır?
Bu şirkətlərin maliyyə dayanıqlığı dərindən təhlil edilməzsə və sabah müflis duruma düşərsə, o zaman öhdəliklərini qarşılaya bilməməsi bu bazara investorların marağının azalmasına, inamının itməsinə gətirib çıxarmazmı?
YENİ DƏYİŞİKLİK GÖZLƏNİLİR…
Bu sorğu ilə bağlı Bakı Fond Birjası Banker.az-a cavab yazaraq deyir ki, onların hesabatlarını Mərkəzi Bank yoxlayır, təsdiq edir və daha sonra onları birjaya listinqə alırlar. BFB “yuxarı faizli dollar istiqraz”la bağlı sorğuya da cavab kimi bunun AMB tərəfindən yoxlanılıb müəyyən edildiyini bildirir.
Bu sorğu ilə bağlı Azərbaycan Mərkəzi Bankı bildirir ki, tənzimləyici kimi tərəfindən istiqraz sahiblərinin hüquqlarının qorunması məqsədilə istiqraz buraxılışının həcminə dair məhduliyyətlər müəyyən edilib, lakin onun gəlirlilik təklifi seçimi ilə bağlı emitentə məhdud qoyulmur. Bunun onun maliyyə durumundan və “bazar konyunkturasından” aslı olduğunu bildirir.
BFB “Bazarda market meykerin olması ilə bağlı hansı yeniliklər düşünürsünüz” sualına cavab olaraq əlavə edir ki, bir neçə təşkilatın bu qiymətli kağızlar üzrə market meyker müqavilələri var.
Üstəlik “Mərkəzi Bank qiymətli kağızların sığortalanması layihəsi üzərində çalışmaqdadır və yaxın gələcəkdə bu layihə reallaşacaq”,- deyə bildirilir.
Banker.az olaraq bu sualları 26 iyulda Mərkəzi Bank tərəfindən təşkil edilən press-konfransda birbaşa sədr Taleh Kazımova da ünvanladıq. Sədr cavabında bildirir ki, “bununla bağlı görüləsi işlərimiz çoxdur”. İnvestisiya şirkətləri bazara gətirdikləri emitentləri düzgün və şəffaf qiymətləndirməli olduğunu da qeyd edir.
Baş bankir “Bazarda market meykerin olması mümkündürmi həmin şirkətlərin istiqrazları üçün qarantiya versin?” sualımıza cavab olaraq deyir ki, dünya praktikasında market meykerlər həmin emitentlərin istiqrazlarına qarantiya deyil, onların likvidliyini təmin edir.
“Sabah emitent müflis olarsa, borcunu ödəyə bilməzsə, bəli, market meyker bu istiqrazlarla bağlı riski daşıyır. Bizdə bu, yanaşma [market meyker] olaraq mövcuddur, amma effektli deyil”.
T.Kazımovun sözlərinə görə, kapital bazarlarına cavabdeh komanda ilə bu bazara dair bütün hüquqi-normativ aktlara, qaydalara və tələblərə sentyabr-oktyabr ayından yenidən baxılacaq. “Hazırda bununla bağlı müzakirələr gedir. İnkişaf nöqteyi-nəzərdən bazarda market meykerin olması vacibdir”.
O həmçinin bu emitentləri bazara gətirən investiya şirkətlərinə dair də şərh verərək həmin emitenti gətirərkən onların hesabatlarını dolğun təhlil eləməlidirlər. Bura həm çirkli pulun yuyulması, həm də maliyyə dayanıqlığı daxildir.
Mərkəzi Bankdan bildirilir ki, “görülən tədbirlərin nəticəsi” kimi indiyədək kapital bazarında hansısa şirkətin defoltu halı müşahidə edilməyib. “Bununla belə qeyd edilən hal baş verəcəyi təqdirdə istiqraz sahibləri “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələb hüquqlarını həyata keçirə bilərlər”- deyə, AMB-dən bildirilir.
İstənilən halda Azərbaycan investorun fond bazarına gəlməsi üçün stimul yaratmağın ilkin variantı inamın yaradılmasıdır.