İsveç hökuməti böhrandan zərər çəkmiş iqtisadiyyatı dəstəkləmək üçün 100 milyard kron (təqribən 11,462 milyard ABŞ dolları) məbləğində vəsait ayıracaq.
İsveçin Maliyyə naziri Maqdalena Andersson maliyyə paketini təqdim edərək bu vəsaitin koronavirus pandemiyasının nəticələrinin yumşaldılması məqsədilə istifadə ediləcəyini bildirib.
Nazirin sözlərinə görə, yeni islahatlar üçün 2021-ci il büdcəsində 100 milyard İsveç kronundan artıq vəsait lazım olacaq. Bu pullar sosial təminat, iqlimlə bağlı təşəbbüslərə investisiyalar, yeni iş yerləri yaradılması və işsizlərə dəstək üçün sərf ediləcək.
Maqdalena Andersson vurğulayıb ki, ölkənin ümumi daxili məhsulunun həcmi 5,6 faiz azalıb. Bununla əlaqədar cari ildə İsveçdə dövlət maliyyəsində böyük kəsir yaranacaq. Lakin onun fikrincə, iqtisadiyyatın yenidən işə salınması proqramı həyata keçiriləndə gələn il ÜDM-in həcmi 3,3 faizə qədər arta bilər.
Nazir bildirib: “Ekspertlərin hesablamalarına görə, bu ilin aprel və may aylarında İsveç iqtisadiyyatında fəallıq ən aşağı səviyyədə olub. Sonrakı dövrdə müəyyən qədər dirçəliş hiss olunur. Bununla bərabər, iqtisadiyyatda vəziyyət ciddidir”.
Andersson daha sonra vurğulayıb ki, pandemiyanın sonrakı gedişatından asılı olaraq həlik vəziyyət çox qeyri-müəyyəndir.