İsveçin PKK və onun Suriya qolu YPG-yə yanaşmasından narahat olan Ankaraya Stokholmdan cavab gəlib.
Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət yolunda irəliləyərkən, Türkiyənin bu iki ölkənin terror təşkilatlarına baxışları ilə bağlı qeyd-şərtləri gündəmi dəyişdi. Banker.az xəbər verir ki, İsveç xarici işlər naziri Ann Linde PKK-nın İsveç tərəfindən də terror təşkilatı kimi göründüyünü bildirib. Problemin anlaşılmazlıqdan qaynaqlandığını müdafiə edən Linde, “Avropa Birliyi kimi biz də PKK-nı terror təşkilatı olaraq görürük” dedi. Linde PKK-nı terror təşkilatları siyahısından çıxaracaqları və ya PKK ilə danışıqlarda olduğu iddialarını təkzib edərək, “Əgər belə bir təsəvvür yaranıbsa, bunun aydınlaşdırılması lazımdır” deyib.
Əsas fikir ayrılığının YPG ilə bağlı olduğu Lindenin sözlərində də öz əksini tapıb. “Suriyanın şimalında formalaşanlar” səbəbiylə razılığa gələ bilmədiklərini vurğulayan Linde, “PKK-nın terror təşkilatı olduğunu qəbul edirik. Şimali Suriyadakı formalaşma üçün eyni şeyi düşünmürük. Bir çox NATO ölkələri də belə düşünmür. ABŞ və digər NATO ölkələri kimi biz də Suriyanın şimalındakı kürd təşkilatları ilə danışmışıq”, – deyə o bildirib.