İyun ayında İsveçdə inflyasiya 8.5 faizə yüksəlib. Bu, ölkədə inflyasiyanın maksimum həddinin 7.8 faiz olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.
Bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
“May ayında ölkədə inflyasiya 7.2 faiz təşkil edib. Ərzaq, elektrik enerjisi və yanacağın qiymətlərinin bahalaşması inflyasiyaya ən çox təsir edən amillər olub”, – deyə Mərkəzi Statistika Bürosunun analitiki Sofi Eman bildirib. Onun sözlərinə görə, aylıq dəyişikliyə həm də yanacaq xərclərinin artması nəticəsində yüksək nəqliyyat qiymətləri təsir edib.
Son vaxtlar İsveçdə ərzaq məhsullarının və dənli bitkilərin qiymətləri xeyli bahalaşıb. Ötən ildən bu yana qəhvənin qiyməti təxminən 50 faiz artıb. Elektrik enerjisi, səyahət paketləri və restoran xidmətlərinin qiymətləri də yüksələn xətt üzrə inkişaf edir. Ucuzlaşma yalnız geyim mallarında müşahidə edilir ki, bu da yay satışlarına görə mövsümi xarakter daşıyır.