9 C
Baku
Sunday, November 17, 2024

İsveçrə: 14 il ardıcıl ən innovativ iqtisadiyyat. Nədir səbəblər?

İsveçrə dünyanın ən innovativ iqtisadiyyatlarından biri kimi artıq illərdir Global Innovasiya İndeksinə (GII) öndərlik edir. İndeksin 1 həftə əvvəl 2024-cü il üçün açıqlamış olduğu nəticələrinə (GII2024) görə bu liderlik artıq 14-cü ildə də davam edir. Bu uğurun arxasında dayanan ən əsas səbəblər isə ölkənin güclü təhsil sistemi, yüksək ixtisaslı işçi qüvvəsi, güclü tədqiqat institutları, yaradıcı sahibkarlığa şərait yaradan biznes mühitinə və əməkdaşlıq şəraitində təşkil olunan iqtisadiyyata sahib olmasıdır. İnnovasiya liderliyinə aparan bu və digər səbəblərlə gəlin bir qədər ətraflı tanış olaq:

 

1. Təhsil və insan kapitalı
Təhsil sistemi İsveçrənin innovasiya yönümlü iqtisadiyyatının təməlini təşkil edir. Akademik mükəmməlliyə və peşə təhsilinə yönəlmiş təhsil sistemi yüksək ixtisaslı işçi qüvvəsi yetişdirir. ETH ZurichEPFL (Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutu) kimi universitetlər elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində dünya üzrə tanınır. Bu institutlar həmçinin sənaye ilə sıx əməkdaşlıq edərək elmi tədqiqatları bazara çıxarırlar. Bir növ elmi kommersiyalaşdırırlar. 2023-cü ildə İsveçrə İnsan İnkişafı İndeksi üzrə 1-ci, təhsilin keyfiyyəti üzrə də dünyada 7-ci yerdə möveqlənmişdir. Onlar xüsusilə ali təhsil və ömürboyu öyrənmə sahələrində davamlı olaraq insan kapitalını inkişaf etdirirlər.

2. Tədqiqat və inkişaf
İsveçrə adambaşına düşən ən yüksək tədqiqat və inkişaf xərcləri olan ölkələrdən biridir və ÜDM-nin 3.2%-i (2023) tədqiqat və innovasiyaya sərf olunur. Bu, OECD ölkələrinin orta göstəricisindən (2.7%) yüksəkdir. Elmi tədqiqatların vacibliyi həm dövlət, həm də özəl sektorun birgə əməkdaşlığı ilə dəstəklənir. Roche, Novartis, Nestle kimi dünyada tədqiqat və inkişafa ən çox vəsait ayıran şirkətlər tədqiqat və inkişafa böyük töhfələr verir. İsveçrədə yerləşən beynəlxalq təşkilatlar və tədqiqat institutları xüsusilə CERN (Avropa Nüvə Tədqiqatları Təşkilatı) ölkənin qlobal elmi araşdırmalarda liderliyini daha da gücləndirir.

3. Əlverişli biznes mühiti
İsveçrənin biznes mühiti innovasiya sahəsindəki uğurunun digər hərəkətverici qüvvələrindən biridir. Ölkə siyasi sabitlik, aşağı korporativ vergilər və inkişaf etmiş maliyyə bazarları ilə tanınır ki, bu da, şirkətlərin yenilikləri təşviq etməsi üçün əlverişli şərait yaradır. Xüsusilə əczaçılıq, mühəndislik və maliyyə sahələrində transmilli şirkətlər İsveçrədə geniş fəaliyyət göstərir. Əlverişli biznes mühiti və Avropa bazarlarına çıxış İsveçrə şirkətlərinin qlobal miqyasda rəqabət qabiliyyətini qorumağa davamlı olaraq mühüm töhfə verir.

4. Əməkdaşlıq ekosistemi
İsveçrənin innovasiya ekosistemi geniş miqyasda tərəfdaşlıq üzərində qurulub. Hökumət, universitetlər, özəl sektor və startaplar innovasiyanı inkişaf etdirmək üçün birgə çalışırlar. İsveçrə Switzerland Innovation kimi tədqiqat parklarına ev sahibliyi edir ki, bu da akademik tədqiqatları sənayedə tətbiq etməyə imkan verir. Bununla yanaşı, Innosuisse kimi ictimai maliyyələşdirmə mexanizmləri startaplara və tədqiqat layihələrinə maliyyə dəstəyi göstərir ki, bu da, yüksək texnologiya sahələrində böyük təcrübə və ən son innovasiyalar üçün münbit şərait yaradır.

5. Qlobal əlaqələr
Ərazisinin kiçik olmasına baxmayaraq İsveçrə qlobal əlaqələrdə (network) öncül mövqe tutur. Ölkə qlobal ticarət zəncirləri və ticarət şəbəkələrində əsas oyunçulardandır və əlavə olaraq İsveçrə şirkətlərinin innovasiyaları beynəlxalq miqyasda genişləndirmə imkanları vardır. Belə bir ekosistem qlobal əlaqələr baxımından İsveçrənin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyə və əlverişli ticarət sazişləri bağlamağa güclü zəmin yaradır.

6. Əqli mülkiyyətin güclü mühafizəsi
İsveçrənin innovasiya mühitinin əsas xüsusiyyətlərindən biri güclü əqli mülkiyyət hüquqlarının yüksək səviyyədə qorunmasıdır. Ölkənin hüquqi tənzimləmələri ən yaxşılar arasındadır və ixtiraçıları yeni texnologiyalar inkişaf etdirməyə təşviq edir. Bu hüquqi müdafiə İsveçrənin ən aparıcı sahələrindən olan farmakologiya sahəsində özünü daha çox büruzə verir. Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumatına görə, İsveçrə adambaşına düşən patent müraciətləri sayına görə dünyada ən yüksək göstəricilərdən birinə sahibdir. 

7. Dayanıqlılıq və yaşıl innovasiya
İsveçrə yaşıl texnologiyalar və ətraf mühit üçün əlverişli həllərə də diqqət ayıraraq dayanıqlı innovasiyada da irəliləyişlər əldə edir. Ölkə bərpa olunan enerji innovasiyasında, tullantıların idarə olunmasında və suyun qorunması texnologiyalarında liderdir. Bunlar öz növbəsində iqlim dəyişikliyi ilə üzləşən dünya üçün olduqca vacib məsələlərdir.

Təhlil göstərir ki, İsveçrənin dünyanın ən innovativ iqtisadiyyatı kimi liderliyi bir neçə dayanıqlı amildən və onların qarşılıqlı əlaqədə olmasından asılıdır. Ölkədə təhsil, tədqiqat, innovasiya və bunlara istiqamətləndirilən investisiyalar, hüquqi təminat, biznes dostu siyasətlər və beynəlxalq əməkdaşlıq harmoniyasında fəaliyyət göstərən tam bir ekosistem mövcuddur. Görünən odur ki, bu model elmi tədqiqatların da sənayeyə uğurlu inteqrasiyası, dəstəyi ilə birlikdə İsveçrəni hələ uzun illər qlobal innovasiyada lider mövqedə saxlayacaqdır.

 

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər