2 C
Baku
Saturday, December 14, 2024

İsveçrə bank nəzarəti sistemində islahatlara hazırlaşır

İsveçrə hökuməti ölkədə banklara nəzarət sistemini dəyişdirməli olan islahat hazırlayır. “Bloomberg”in məlumatına görə, yaxın günlərdə hökumət kapital və likvidlik tələblərindən tutmuş korporativ idarəetməyə qədər müxtəlif sahələrə aid təkliflərini təqdim etməyə hazırlaşır.

İslahatlara səbəb İsveçrənin ən böyük banklarından biri olan “Credit Suisse”nin ötən il üzləşdiyi ciddi problemlər olub və nəticədə onu “UBS” alıb. Yeni qaydaların məqsədlərindən biri İsveçrə banklarının riski qiymətləndirmə üsulunu dəyişdirməkdir.

İslahatın əsas məqsədi maliyyə tənzimləyicisi “Finma”nın rolunun gücləndirilməsidir. Bu həftə əvvəllər Avropa Mərkəzi Bankının top meneceri olmuş və avrozonada sistem əhəmiyyətli banklara nəzarətdən məsul olan Stefan Valter onun yeni rəhbəri olub.

Xüsusilə, indiyədək “Finma”nın bankları cərimələmək imkanı olmayıb – yeni qaydalar tənzimləyiciyə belə səlahiyyətlər verir. Bundan əlavə, indi bankların top menecerləri müəyyən qərarların qəbuluna və ya hərəkətsizliyə görə şəxsən məsuliyyət daşıyacaqlar.

Tənzimləyici həmçinin banklara rəhbərliyə verilən bonusların məbləği ilə bağlı tələblər qoya və onların ölçüsünü məhdudlaşdıra biləcək. İsveçrənin ən böyük bankı olan “UBS”ə xüsusi diqqət yetiriləcək. “Finma” artıq bankla işləyən komandanı artırıb və bu il üçün iki stress testi planlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər