9 C
Baku
Friday, December 13, 2024

İsveçrə bankları rusiyalı müştərilərə hesabları ilə bağlı xəbərdarlıq edib

İsveçrə bankları rusiyalı müştərilərinə Rusiya büdcəsinə vergi ödəyəcəkləri təqdirdə hesablarının bağlanacağı barədə xəbərdarlıq etməyə başlayıblar.

İsveçrə bankları öz müştərilərinin Rusiyadan köçürmələrini izləməyə başlayıblar. Onların Rusiya büdcəsinə vergi ödədiklərini aşkarladıqları təqdirdə isə bir sıra banklar hesabların bağlanacağını elan ediblər.

Bu barədə rusiyalı müştərilərlə işləyən İsveçrədən iki hüquqşünas, həmçinin bu ölkənin bank sektorundakı mənbə bildirib.

İsveçrənin “LEOLEX” hüquq bürosunun idarəedici partnyoru Roman Kudinov qeyd edib ki, bununla bağlı problemlər təxminən bir ay əvvəl “UBS” və “Credit Suisse” müştəriləri ilə başlayıb. “Bizim hüquq büromuza təxminən on nəfər müraciət etdi ki, onlara bank əməkdaşları tərəfindən zəng olunub və qeyri-rəsmi şəkildə xəbərdarlıq edilib. Bank əməkdaşları xəbərdarlıq ediblər ki, əgər onlar Rusiyada yerləşən və vergi ödəyən şirkətlərin sahibi olmaqdan imtina etməsələr, bank onların hesablarını bağlamaq məcburiyyətində qalacaq. Lakin bundan sonra rəsmi şəkildə hər hansı tədbir görülməyib. Bankların bununla bağlı fəaliyyəti hələlik seçici xarakter daşıyır, kütləvi hal almayıb”, – deyə Roman Kudinov bildirib.

Onun sözlərinə görə, banklar bu qərarı onunla izah edirlər ki, belə müştərilər dövlətə vergi ödəyir və bununla da Ukraynada sabitliyi pozmuş olurlar.

Kudinov hesab edir ki, banklar böyük ehtimalla, İsveçrə hakimiyyət orqanlarının, parlament partiyalarının və İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) təzyiqləri səbəbindən bu cür addımlara əl atmağa məcburdurlar. Çünki bu qurumlar yenidən Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən danışmağa başlayıblar. “Bizim büromuz bu addımları qanunsuz hesab edir və müştərilərimizə rəsmi yazılı bildirişlər gələn kimi bununla bağlı şikayət etməyi planlaşdırır”, – deyə Kudinov vurğulayıb.

Digər isveçrəli hüquqşünas bildirib ki, onun müştəriləri Rusiya büdcəsinə vergilərin ödənilməsi səbəbindən artıq hesablarının bloklanması ilə üzləşiblər. İsveçrə bank sektorundakı mənbə isə bildirib ki, “UBS” bankı bəzi müştərilərinə belə bir xəbərdarlıq məktubu göndərmiş ola bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər