10 C
Baku
Thursday, December 12, 2024

İsveçrə şirkətləri Azərbaycana sərmayə yatıracaq

İsveçrənin Sürix şəhərində Azərbaycan səfirliyi ilə əməkdaşlıqda İsveçrə-MDB Birgə Palatası tərəfindən “Yeni İpək Yolu” investisiya forumu təşkil edilib.

 İsveçrədə “Kəmər və Yol Təşəbbüsü”nə həsr edilən əsas irimiqyaslı forumda Azərbaycan Səfirliyi İsveçrə sərmayəsinin ölkəmizə cəlb edilməsi məqsədilə nüfuzlu sərmayədarlar və tanınmış biznes dairələrini təmsil edən 100-dən artıq iştirakçı ilə fikir mübadiləsi və müzakirələr aparıb.

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova tədbir çərçivəsində təqdimatla çıxış edib və təqdimatında Avropa və Asiya arasında strateji mövqedə yerləşən Azərbaycanın “Kəmər və Yol Təşəbbüsü”nü dəstəklədiyini vurğulayaraq, bu dəstəyi şərtləndirən amilləri sadalayıb və bu məqsədlə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış sazişə diqqət çəkib.

Azərbaycan səfiri ölkəmizin həyata keçirdiyi regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənubi Qaz Dəhlizi barədə danışıb, Azərbaycanın təşviq etdiyi Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə açıqlama verib. Qeyd edilib ki, ölkəmiz bu nəqliyyat dəhlizlərinin qovşağında mərkəz rolunu oynamaq üçün bütün lazımi infrastruktura malikdir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni salınmış avtomobil yolları və hava limanları barədə müzakirələr aparılıb. Eyni zamanda Ələt limanının Xəzər regionunda Yaşıl Limana çevrilmək öhdəliyi götürən ilk liman olduğu vurğulanıb. Bütün bu layihələrin sayəsində Azərbaycanın Asiya ilə Avropa arasındakı ticarətdə ən qısa məsafəni təmin etmək iqtidarında olduğu bildirilib.

X.İbrahimova, həmçinin yuxarıda qeyd edilən bütün nəqliyyat layihələrinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar sayəsində mümkün olduğunu qeyd edib, ölkəmizə daha çox xarici investisiyaların cəlb edilməsi istiqamətində iqtisadi tədbirlərin davam etdirildiyini söyləyib. Daha sonra Səfirliyin müşaviri Arif Məmmədov Azərbaycanın Avrasiyada logistika mərkəzi rolunu oynamaq imkanları barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda İsveçrənin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin prezidenti Margareta Kiner Nellen “Kəmər və Yol” layihəsini İsveçrə Parlamenti prizmasından dəyərləndirib.

©Trend

Son xəbərlər
Digər xəbərlər