10 C
Baku
Thursday, December 12, 2024

İsveçrədə “GPS-ticket“ dəbə minir

İctimai nəqliyyatda innovativ yeniliklərin tətbiqi sahəsində İsveçrə nəinki nümunəvi, eyni zamanda, novator ölkə sayılır. Sıx ictimai nəqliyyat şəbəkəsinə malik bu Alp ölkəsində rahat, sürətli və dəqiq işləyən nəqliyyat sistemində mütəmadi olaraq innovativ texnoloji yeniliklər tətbiq olunur.

Sərnişinlərin rahatlığını təmin etmək üçün İsveçrə Federal Dəmir Yolları (SBB) ötən ilin sonlarından etibarən biletlərin GPS (qlobal mövqe təyinetmə sistemi) vasitəsilə qeydiyyatını tətbiq edir. Belə ki, telefonunda xüsusi mobil tətbiq (app) yükləmiş sərnişin hər dəfə ictimai nəqliyyatdan istifadə edərkən bilet almaq, onu konduktora göstərmək və ya aparatlarda qeydiyyatdan keçirməyə gərək qalmır. GPS vasitəsilə sərnişinin qət etdiyi məsafəni hesablayan app biletin pulunu ən münasib tarif əsasında onun şəxsi hesabından çıxır. Bilet yoxlanışı zamanı isə sərnişin QR-kod vasitəsilə öz elektron biletini təqdim edə bilir.

SBB-dən verilən məlumata görə, ötən ilin oktyabr ayından indiyədək 15 mindən artıq müştəri “EasyRide” funksiyasını öz mobil telefonlarında aktivləşdiriblər və ilk dördaylıq test mərhələsində 18 min sərnişin bu funksiyadan istifadə edib, onlardan 6 min nəfər mütəmadi istifadəçilər olublar.

Nəqliyyat ekspertləri hesab edirlər ki, gec-tez “GPS-ticket” sistemi digər ölkələrin nəqliyyat sistemlərinə də yol tapacaq. Lakin hazırda bu üsulla biletlərin alış və istifadəsi müəyyən problemlərlə müşayiət olunur. Bu tətbiqdən istifadə edən sərnişin səfər müddətində telefonun GPS funksiyasını aktiv saxlamalı, eyni zamanda, telefonu söndürməməlidir. Ciddi enerji sərfiyyatı sayəsində mobil telefon söndüyü halda müştəri nəzarətçilərə öz elektron biletini təqdim etmək imkanından məhrumdur. Eyni zamanda, sərnişinlərin qət etdiyi məsafələrin GPS funksiyası üzərindən qeydiyyata alınması hüquq müdafiəçiləri tərəfindən tənqid edilir, onlar bu tətbiq sayəsində şəxsi məlumatların qorunması prinsipinin pozulduğunu iddia edirlər.

Yeni funksiyanın tərəfdarları isə müasir dövrdə adi “Google Maps” tətbiqini açdıqda belə, istifadəçinin olduğu məkanın qeydiyyata alındığını qeyd edirlər və bir çox istifadəçi üçün bunu heç də problem hesab etmədiklərini göstərirlər. Onların fikrincə, rahat bilet alışı və istifadəsindən yararlanmaq istəməyənlər onsuz da klassik variantda qala və ənənəvi kağız biletlərdən istifadə edə bilərlər.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər