İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda “Pandemiya ilə mübarizə tədbirləri haqqında” qanuna dəyişiklikləri təsdiqləyiblər. Edilən dəyişikliklə fərdi QR kodları olan COVID sertifikatları tətbiq ediləcək.
Seçicilərin 62,01 faizi bu qanunun lehinə səs verib.
Sentyabrın 13-dən İsveçrədə restoranlara, kinoteatrlara, hovuzlara, fitnes mərkəzlərinə, böyük mədəniyyət və idman tədbirlərinə baş çəkərkən üç sənəddən biri təqdim edilməlidir: tam peyvənd sertifikatı, xəstəliyi keçirməyinizi təsdiq edən COVID-19 sertifikatı və ya xəstəliyin olmamasını göstərən PCR testi.
Bu ilin mart ayından qüvvədə olan “Pandemiyaya qarşı mübarizə tədbirləri haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin təşəbbüskarı COVID passport (peyvənd sertifikatı) əleyhdarları olub.
İsveçrə dünyada covid sertifikatlarının verilməsinin ümumxalq səsverməsinə çıxarıldığı ilk ölkədir. Bazar günü referenduma iki məşhur qanunvericilik təşəbbüsü də təqdim edilib: “Evdə tibb bacısı sahəsində layiqli işə görə” və “Püşkatma prinsipi əsasında Federal Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında”. Bu təşəbbüslərdən birincisi bəyənilib, ikincisi isə rədd edilib.