Dünyanın ən böyük müstəqil neft treyderlərindən biri olan “Mercuria Energy Group” 2020-ci ilin yayında 36 milyon dollara mis sifariş edib, lakin onun əvəzinə boyalı daşlar təhvil alıb. Şirkət bütün müqavilələr saxta olduğundan sığorta təzminatı üçün müraciət edə bilməyib.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Agentlik qeyd edir ki, 300-dən çox konteynerdə olan təxminən 6000 ton mis İstanbul yaxınlığındakı limandan Çinə göndərilməmişdən əvvəl metal rəngli daşlarla əvəz edilib. İstintaq zamanı türk polisləri cinayətdə iştirak etməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb. Həbs olunanların bəziləri daha sonra ev dustaqlığına köçürülüb.
Hal-hazırda “Mercuria” Türkiyə məhkəmələrindən, o cümlədən Böyük Britaniya arbitraj məhkəməsindən təzminat tələb edir. Verilən məlumata görə, treyder bir satıcı və iki vasitəçiyə qarşı iddia qaldırıb.
Adətən belə hallarda şirkət sığorta təzminatı üçün müraciət edə bilir, lakin “Mercuria” türk şirkətinin yük sığortası üçün bağladığı yeddi müqavilədən yalnız birinin həqiqi olduğunu bildirib.
“Bloomberg” yazır ki, tədarükçü yük dəyişdirmə və sığorta fırıldaqçılığı ilə bağlı türk polislərinə və prokurorluğuna şikayət edib.