İtaliyanın Luiss Hüquq Məktəbinin prezidenti Paola Severino İtaliya-Azərbaycan Universiteti ilə bağlı planlar, həyata keçirilən və keçiriləcək birgə proqramlardan danışıb. Professor bu təhsil müəssisəsini bitirəcək tələbələrin diplomları, açılacaq yeni fakültələr, italiyalı müəllimlərin universitetdə dərs deyib-deməyəcəkləri, Luiss və ADA Universitetləri arasındakı əməkdaşlıq perspektivləri barədə sualları cavablandırıb.
– Xanım Severino, ilk olaraq bilmək istərdik ki, gələcəkdə İtaliya-Azərbaycan Universitetini bitirəcək tələbələr ikili diplom ala biləcəklərmi?
– İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü çərçivəsində hazırda “Qlobal İdarəetmə və Siyasət (GMaP – Made in Azerbaijan) – Azərbaycanda təsis edilib” adlı akademik proqram həyata keçirilir. Bu, ADA Universitetinin tələbələri üçün Luiss və ADA Universitetləri tərəfindən birgə hazırlanmış proqramdır. Proqrama qəbul olunan tələbələr həm Luiss, həm də ADA Universitetlərindən diplom alacaqlar. Proqramın məqsədi həm dövlət, həm də qeyri-hökumət təşkilatlarında mürəkkəb qlobal məsələləri səmərəli şəkildə həll edə bilən mütəxəssislər yetişdirmək və tələbələrdə sosial elmlər sahəsində güclü təməl formalaşdırmaqdır.
“GMaP – Made in Azerbaijan” “Made in Italy” modelinə yönəlmiş bəzi modulları da özündə ehtiva edir. Bu da İtaliya təcrübəsini “Made in Azerbaijan”ın innovativ potensialı ilə inteqrasiya etmək məqsədi daşıyır. “GMAP Made in Azerbaijan” layihəsinin ilk qəbulu 2023-2024-cü tədris ilində, ikinci qəbulu isə 2024-2025-ci tədris ilində olub. Tələbələrin ilk qrupu 2025-ci ilin yayında məzun olacaq. Məzunlar üçün mərasim Luiss Universitetinin binasında təşkil olunacaq. Nəzərinizə çatdırım ki, Luiss Universiteti İtaliya-Azərbaycan Universitetinin təsisçisi qismində iştirak edən beş İtaliya tərəfdaş universiteti arasında ikili diplom verən ilk universitetdir.
– Maraqlıdır, yaxın gələcəkdə italiyalı professorlar da İtaliya-Azərbaycan Universitetində dərs deyəcəklərmi?
– “GMaP-Made in Azerbaijan” proqramının strukturuna əsasən, birinci tədris ili Bakıda keçirilir və burada Luiss Universitetinin professorları 8 kurs təşkil ediblər. İllər keçdikcə ADA Universitetinin ehtiyac və tələblərindən asılı olaraq italiyalı professorların keçəcəyi kursların sayı artırıla bilər. Davam edən “GMaP Made in Azerbaijan” proqramı çərçivəsində Luiss professorları həmçinin ADA professorlarına “Made in Azerbaijan” Modulunun hazırlanmasında da dəstək olurlar. Bu modul ADA tərəfindən 2024-2025-ci tədris ilinin ikinci semestrində təklif ediləcək.
– İtaliya-Azərbaycan Universitetinin tələbələri hər hansı bir dövr üçün Luiss Universitetində təhsil alma imkanına malik olacaqlarmı?
– Bəli, az əvvəl qeyd etdiyim proqram üzrə qəbul alan tələbələr Bakıda keçirilən ilk tədris ilindən Luiss Universitetində təhsil ala biləcəklər. Əslində, 2024-cü ilin yayında tələbələrin ilk qrupu Romada “Made in Italy” və “Avropa-Aralıq dənizi Tendensiyaları” mövzusunda 3 həftəlik yay kursunu uğurla başa vurublar. Bu kurs hesabına tələbələr bir çox sənaye sahələrini və onların biznes modellərini dərindən təhlil etmək və müxtəlif sektorlarda çalışan insanları dinləmək imkanı əldə etdilər.
Yay məktəbindən sonra ikinci ilin payız semestrində tələbələr Luiss Universitetində siyasi elmlər sahəsinə yönəlmiş 3 kursa qatılmalıdırlar. Tələbələrin ilk qrupu təxminən 6 həftə ərzində tələb olunan kurslara qatılmaq üçün hazırda universitetimizdədirlər.
– Son olaraq bilmək istərdik ki, Luiss Universiteti və ADA Universiteti arasında İtaliya-Azərbaycan Universiteti Təşəbbüsü çərçivəsində gələcəkdə fakültələrin sayının artırılması planlaşdırılırmı və hansı fakültələrin açılması gözlənilir?
– İtaliya – Azərbaycan Universiteti şəbəkəsində Luiss sosial elmlər sahəsində, xüsusilə qlobal idarəetmə, siyasi elmlər və “Made in Italy” sahələri üzrə əməkdaşlığı təmin edir. Məqsəd ADA Universiteti ilə birlikdə “Made in Italy” təcrübəsindən istifadə edərək tələbələrə “Made in Azerbaijan” keyfiyyət nişanını yaratmağı, idarə etməyi və təşviq etməyi öyrədəcək innovativ proqram hazırlamaqdır.
Luiss və ADA Universitetləri arasındakı akademik əməkdaşlıq magistr dərəcələrindən doktorantura proqramlarına və tədqiqat metodologiyalarına qədər genişlənəcək ki, uzunmüddətli perspektivdə akademiya və tədqiqat arasında əlaqə yaradılsın.
Hazırda hüquq sahəsində tələbə mobillik proqramının yaradılması ilə bağlı müzakirələr davam edir. Bu təşəbbüs tələbələrə müxtəlif hüquq sistemlərini təcrübədən keçirmək, beynəlxalq layihələrdə iştirak etmək və qlobal iş bazarında yüksək tələb olunan bacarıqlar inkişaf etdirmək imkanı verəcək. Bundan əlavə, sentyabrın 5-də Konfindustriyada (Confindustria) keçirilən mühüm İtaliya-Azərbaycan dəyirmi masası münasibətilə mən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov ilə idarəetmə qaydaları, təşkilati modelləri, idarəçilikdəki nöqsanların qarşısının alınması kimi məsələlər daxil olmaqla mümkün əməkdaşlıq sahələrini müzakirə etmişik.