“İtaliya bu il ərzində Rusiya qazını almaqdan imtina edə və yeni kanallar, o cümlədən Azərbaycandan tədarükləri ikiqat artırmaqla təbii yanacaq təchizatçısına çevrilə bilər”.
Bunu Bakıya səfəri öncəsi “Made in Italy” müəssisələr və məhsullar naziri Adolfo Urso “il Messaggero” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il ərzində İtaliya Rusiyadan qaz nəqlini dayandıracaq. “….Gələn ildən isə Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycandan tədarük həcmini iki dəfə artırmaqla özümüz başqa ölkələri təbii qaz ilə təmin edə biləcəyik və tezliklə Avropada qaz habına çevriləcəyik”.
Daha əvvəl hökumət nümayəndələri bəyan etmişdilər ki, istehlaka qənaət və yeni enerji resurslarının əldə edilməsi sayəsində İtaliya 2024-cü ilin ikinci yarısında Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdırırır.
A.Ursonun sözlərinə görə, ötən il İtaliya bazarında Rusiya təbii qazının payı 40 %-dən 16 %-ə düşüb.
“Piombino və Ravennada yaya qədər istifadəyə veriləcək iki mayeləşdirilmiş təbii qaz (LNG) terminalı bizim ötən il Rusiyadan idxal etdiyimiz illik 10 milyard kubmetr təbii qazı hasil edəcək”, – nazir bildirib.
Qeyd edək ki, TAP istismara veriləndən indiyədək Azərbaycan üç Avropa ölkəsinə 20 milyard kubmetrdən çox qaz nəql edib.