26 C
Baku
Saturday, July 27, 2024

İtaliya: Ekspertlər təbii fəlakətin vurduğu iqtisadi zərəri hesabladı

İlkin məlumatlara görə, 24 avqust tarixində İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələnin vurduğu ziyan artıq 1 milyard dolları geridə qoyub. Buradan belə nəticə çıxarmaq heç də çətin deyil ki, son göstəricilər çox yüksək olacaq.

Bloomberg agentliyinin verdiyi məlumata görə, sığorta sahəsinin zərərləri İtaliyada 2009-cu ildə baş vermiş zəlzələ zamanı yaranmış zərərdən daha çox ola bilər. Həmin dövrdə Generali şirkəti  100 milyon avro, Axa – 41 milyon avro, Hannover Re – 11,2 milyon avro, Munich Re  isə 23 milyon avro dəyərində itki ilə üzləşmişdi.

Bununla yanaşı, İtaliyanın mərkəzi hissəsində daşınmaz əmlak sığortası xidmətlərindən istifadə edənlərin sayının az olması sığortaçıların itkilərini azalda bilər. Generali şirkətinin məlumatına əsasən, bu regionda daşınmaz əmlakın yalnızca 20%-i sığortalanıb.

İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücü ilə baş verən zəlzələni daha çox Latsio, Marke və Umbriya bölgələrində hiss etdilər. Təbii fəlakətdən ən çox ziyan görən ərazi isə Amatriçe yaşayış məntəqəsi, həmçinin keçən il İtaliyanın ən gözəl məkanlarından biri seçilən Akkumoli, Posta və Arkuata-del-Tronto oldu.

Təbii fəlakətin qurbanı olmuş vətəndaşların sayı 250-ni geridə qoyduğu bir zamanda, xilasetmə işləri hələ də davam etdirilir. Hadisə yerində xilasetmə qrupu ilə yanaşı, hərbi qulluqçular, polis əməkdaşları və Qırmızı Xaç təşkilatının bölgə üzrə könüllüləri çalışır.

İncəsənət nümayəndələri və tarixçilər italyan memarlığının, incəsənətinin, heykəltəraşlığının şah əsərlərinin ciddi şəkildə zərər görməsindən ehtiyat edirlər. İtaliya Mədəniyyət nazirliyi isə öz növbəsində qeyd edib ki, hazırda insanların həyatını xilas etmək və evsizləri sığınacaq ilə təmin etmək prioritet məsələdir. Lakin bununla bu həftə ərzində mədəni zərərin araşdırılması və qiymətləndirilməsi ilə bağlı fövqəladə iclas təşkil ediləcək.

Son xəbərlər
Digər xəbərlər