14 C
Baku
Sunday, May 5, 2024

İtaliya – incəsənət mərkəzi kimi tələbələrin maraq dairəsində

Italiya – özündə həyatın çoxlu müxtəlif aspektlərini birləşdirən elə çoxtərəfli ölkədir ki, burda tətil keçirmək üçün çoxlu variantlar mövcuddur: tarixi və mədəni mərkəzlər, “shopping” turlar (Milan modanın mərkəzidir), həftəsonu turlar, xaricdə təhsil (İtalyan dilini İtaliyada öyrənmək o qədər effektivdir ki, bunun da özünəməxsus üstünlükləri var, eləcə də ölkə ilə yaxından tanış olmaq mümkündür), kulinar turlar (başqa sözlə italyan mətbəxi ilə tanışlıq), eləcə də İtaliyaya hər hansı bir hadisə ilə əlaqədar olan səfərlər də mövcuddur – buna karnavalları aid etmək olar, təkcə Venesiya karnavalı nəyə desən dəyər.

İtaliyada təhsilin çoxlu sayda üstünlükləri var: dil öyrənməklə yanaşı italyan həyat tərzini də mənimsəmək mümkündür. Birincisi, məşğələlərdən sonra demək olar ki, hər yerdə – mağaza, restoran, muzey və sadəcə olaraq küçələrdə italyan dilini təcrübədən keçirmək olar. İtalyanlar çox gülərüz və həssas xalqdır, onlar çox böyük məmnuniyyətlə sizin bütün suallarınıza cavab verəcəklər. İkincisi, xaricdə təhsil üzrə kurs seçərkən təkcə italyan dilini öyrənməklə kifayətlənməyəcəksiniz, belə ki bir çox kurslar italyan dili ilə yanaşı növbəti kursları da təklif edirlər: incəsənət və ədəbiyyatın tarixi, kulinar sənəti, moda və dizayn, italyan çaxırının dequstasiyası. Xaricdə təhsilə tələbat tədricən artır və dil mərkəzləri tələbələrin cəlb edilməsinin müxtəlif variantlarını axtarırlar, buna görə də təklif olunan xidmətlərin çeşidi getdikcə daha da çoxalır və hər bir turist zövqünə uyğun nə isə tapa bilər.

Ölkənin, onun hər şəhərinin çoxəsrlik zəngin tarixi hər il milyonlarla turisti maqnit kimi özünə çəkir. 3 mindən çox yaşı olan Italiyanın paytaxtı Romanın ən məşhur tarixi məkanlarına Panteon məbədi, Kolizey, Forum, Karakalla hamamı, Triumf arkası, Müqəddəs Pavel kilsəsi, Kapitol muzeyi, Milli muzeyi göstərmək olar. Milanda məşhur “La Skala” opera teatrı, San Ambroco, “Xəlvəti şam yeməyi” freskalı monastır da yerləşir. 118 adada 400 körpü üzərində yerləşən tarixi mərkəz – Venesiya şəhər muzeyi də unikallığı ilə seçilir. Məşhur “Yıxılan qüllə” də İtaliyada, mənzərəli Piza şəhərciyində yerləşir. İtaliya elə bir ölkədir ki, onun hər bir şəhərində hansı isə bir məşhur – şair, rəssam, filosof yaşayıb yaratmışdır. İtaliya bütünlükdə xüsusi incəsənət aurasından bəhrələnib.

İtaliyada alış-veriş sadəcə olaraq, mağazaları gəzməkdən daha böyük bir şeydir, bu, özünəməxsus bir “ayindir”. Əyalətlərdə hətta ən məşhur italyan modelyerlərinin ötən mövsüm kolleksiyalarının daha ucuz satıldığı topdansatış anbarları olan mağazalar mövcuddur. Lakin ən dəbli markalar və super yeni kolleksiyalar üzrə Milan liderlik edir. Milanı İtaliyanın birinci ticarət mərkəzi adlandırmaq olar, xüsusən də söhbət geyim və ayaqqabı mağazalarından gedirsə.

Karnaval – İtaliya turizminin ən vacib və rəngarəng tərkib hissələrindən biridir. Venesiya karnavalı zamanı hər il 500 minə yaxın romantik əhval-ruhiyyəli turist bura axın edir. Bir qayda olaraq, qonaqlar karnavalın 3-4 günlük əsas hissəsinə görə bura təşrif buyururlar. Hər il karnaval, ənənəvi olaraq, Venesiya qızlarının Istriya quldurlarından azad olmasının şərəfinə keçirilən qədim Festa delle Marie bayramı ilə açılır. Müqəddəs Mark meydanında “dell’arte” üslubunda komediyalar təşkil olunur, daha sonra tamaşaçıların üzərinə “konfet yağışı” yağır. Küçələrə minlərlə Arlekino, Pyero, Pantalone və Kolombinlər axışır. Möhtəşəm tədbir Müqəddəs Pyotr sarayından Müqəddəs Mark meydanına qədər həyata keçirilir, qorxuluğun simvolik olaraq yandırılmasından sonra rəqslər başlanılır.

İtaliyanın vəsfəgəlməz təbiəti, şəksiz böyük tarixi hər şey demək deyil. İtalyan mətbəxi ölkənin əsas cəlbedici tərəflərindən biridir. Az insan tapılar ki, İtaliyanın milli mətbəxi – makaron, müxtəlif növ spagetti, ravioli, minestrone şorbaları, Parmezan pendiri, rizotto və bir çox digər ləziz taamlar, eləcə də müxtəlif sort italyan çaxırı onun zövqündə olmasın.

Bir sözlə bu ölkəyə bir gedən bir daha getmək istəyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər