İtaliya koronavirusdan ölənlərin hamısını elan etməyib, WSJ deyir

“İtaliyada koronavirus qurbanlarının sayı elan edilmiş rəqəmdən daha çox ola bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın “Wall Street Journal” nəşri bildirib.

“Ölənlərin sayı rəsmi rəqəmlərdən daha çoxdur. İnsanlar ölüb və onları heç vaxt yoxlamayıblar, çünki həm vaxt, həm resursumuz məhduddur”, – İtaliyanın Lombardiya bölgəsində yerləşən Kokkalyo kommunasının meri Eugenio Angelo Fossati deyib.

Nəşrin məlumatına görə, testlər yalnız simptomları olanlar üzərində aparılır.

Breşiya şəhərinin həkimi Eleonora Kolombi vurğulayıb ki, ölən və daha sonra testdən keçməyənlərin çoxu yaşlı insanlardır. “Ancaq normalda bu qədər insan eyni anda ölmür. Bu, koronavirusdur”, – o qeyd edib.

Qeyd edək ki, İtaliya koronavirusun yayılma miqyasına görə Avropada birincidir. Ölkədə virusdan ölənlərin rəsmi sayı 13 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 937 900-ü ötüb. Bunların 195 188 nəfəri sağalıb, 47 273 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.