İtaliya Qətərdən qaz tədarükündə yaranmış fasilələr fonunda alternativ mənbələrin təmin olunması üçün ABŞ, Azərbaycan və Əlcəzair də daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.
Banker.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın energetika naziri Cilberto Piketto Fratin açıqlama verib.
Nazirin sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna endirdiyi zərbələr ciddi texniki problemlərə səbəb olub və bu, tədarük zəncirinə mənfi təsir göstərib.
O qeyd edib ki, daha əvvəl fəaliyyəti dayandırılmış mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun da hücuma məruz qalması faktı bazarda qiymətlərə kəskin təsir edib.
Bununla yanaşı, nazir vurğulayıb ki, mövcud vəziyyətə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə koordinasiyalı şəkildə Rusiyadan qaz idxalını bərpa etməyi planlaşdırmır.
“Qatar Energy”nin məlumatına əsasən, hücumlar nəticəsində LNG ixrac imkanlarının təxminən 17 %-i dayanıb. Bu isə illik təxminən 20 milyard dollar həcmində itkilərə səbəb olmaqla yanaşı, Avropa və Asiya bazarlarına tədarüklər üçün əlavə risklər yaradır.






