İtaliya Qarabağın yenidən qurulmasında bir çox aspektlərdən iştirak edə bilər.
Bunu Azərbaycan-İtaliya Ticarət Palatasının rəhbəri Manuela Traldi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi heç vaxt sabit olmayıb: “Biz onillər boyu bunun artdığını və azaldığını müşahidə etmişik. Məsələn, 2013-cü ildə 8 milyard dollardan çox ticarət dövriyyəmiz olub. Amma son bir neçə ildə, xüsusilə TAP-ın açılışından sonra rəqəmin davamlı artdığını gördük. Beləliklə, deyə bilərik ki, qaz ixracı ticarət dövriyyəsinə öz dəyərini qatdı, nəticədə ticarət dövriyyəsinin 17 milyarda qədər artdığını müşahidə etdik. Bu il isə göstəricilər baxımından bir qədər fərqli başladı, amma bu, ikitərəfli münasibətlərdə nəyinsə səhv olduğu mənasına gəlmir. Çünki bizim ikitərəfli əlaqələrimiz durmadan inkişaf edir”.
Müsahib söyləyib ki, il başa çatmadan ticarət dövriyyəsinin artdığını və ya azaldığını demək doğru olmaz: “Bizim birgə çoxlu layihələrimiz var, onların gələcəkdə daha da inkişaf edəcəyini gözləyirəm. Ona görə də ticarət dövriyyəsinin tam həcmini görmək, artma-azalmanı tam bilmək üçün il sonuna kimi gözləsək, daha yaxşı olar. Çünki ticarət dövriyyəsinin həcminə təsir edəcək keçici səbəblər ola bilər, xüsusən də enerji ilə bağlı. Bəlkə də cari ildə qazı bir az daha az almışıq”.
M.Traldi bildirib ki, hazırda Azərbaycanla münasibətlərdə İtaliya hökumətinin məqsədi ixrac payının artırılmasıdır: “Azərbaycandan idxalla ixrac arasında böyük fərq var. Azərbaycana İtaliyadan ixrac aşağı səviyyədədir. Amma əməkdaşlıq üçün çoxlu imkanlar var. Beləliklə, biz ixrac rəqəmlərini deyil, həm də İtaliya şirkətlərinin fəaliyyətinin inkişafı üçün layihə imkanlarını görmək istərdik. Ümumi mənzərəyə baxdıqda İtaliya şirkətləri üçün getdikcə daha çox imkanların açıldığını görürük və xüsusilə Qarabağda yeni imkanların açılacağına ümid edirik. İtaliya həmişə Qarabağ məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyib. Biz Qarabağın yenidən qurulmasında bir çox aspektlərdən iştirak edə bilərik”.
O, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinə toxunaraq bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İki ölkə liderləri arasında münasibətlər yüksək səviyyədədir. İtaliya Prezidenti 2018-ci ildə Bakıya səfər edib, həmçinin 2020-ci ilin fevralında, COVID19 başlamazdan bir qədər əvvəl Azərbaycan Prezidentinin İtaliyaya çox mühüm səfəri olub. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətə təsiri çox müsbətdir. Mövcud səfər çərçivəsində də ölkələrimiz arasında bir sıra memorandumların imzalanması gözlənilir ki, bu münasibətlərə daha da müsbət təsir göstərəcək. Əməkdaşlıq üçün memorandumlarla yanaşı, İtaliya maşınlarının (Italian Machinery) satışı üçün də sənədin imzalanması nəzərdə tutulur. İtaliyanın bu mənada çox güclü sənayesi var”.
Palata sədri qeyd edib ki, hazırda diqqəti Azərbaycana investisiyaların cəlb edilməsinə yönəldiblər: “Bunu müxtəlif yollarla edirik, Azərbaycanı İtaliyada tanıtmağa çalışırıq. Bu istiqamətdə bir neçə layihəmiz var və bu çərçivədə Azərbaycanın investisiya şirkətləri, AZPROMO və İqtisadiyyat Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. İlkin baxış və görüntü çox müsbətdir, belə ki, İtaliya texnologiyalarını Azərbaycanda biznes mühitinə, istehsal mühitinə gətirəcək birgə müəssisələrimiz olacaq. Düşünürəm ki, bu texnologiyaların Azərbaycana gətirmək bu ölkənin inkişafını dəstəkləmək baxımından da çox gözəl tərəfdaşlıq növü ola bilər. Biz prioritet olaraq, Azərbaycanın xammala sahib olduğu və layihələrin inkişafına dəstək verəcəyi sahələrə diqqət yetiririk. Yəni birgə müəssisələr, əsasən, sənaye sahəsinə yönələcək, məsələn, neft-kimya, Azərbaycanın bütün metal istehsalı və s. Çox diqqət yetirdiyimiz digər sahə isə kənd təsərrüfatıdır. Məxfilik siyasətinə görə detalları deyə bilmərəm, amma bizim bir neçə layihəmiz var ki, bu da xüsusilə Azərbaycan kənd təsərrüfatının gələcək inkişafına kömək edəcək. Həmçinin səhiyyə üçün texnologiyalarımız var. Ümumiyyətlə, sənaye sektoru ilə bağlı italyanların bildiyi bütün sahələrdə, xüsusilə də qida sənayesi, həmçinin dəri emalı, ayaqqabı istehsalı, bütün toxuculuq sahələri üzrə əməkdaşlığı dərinləşdirə bilərik. Tekstil İtaliyanın yaxşı iş görə biləcəyi başqa bir sahədir”.