İtaliya gələn həftə qazla bağlı fövqəladə planını yeniləyəcək.
Bu barədə “Reuters” İtaliya hökumətindəki mənbəyə istinadən xəbər verir.
Qeyd olunub ki, yenilənmiş fövqəladə vəziyyət planı Rusiyadan qaz nəqlinin daha da azaldılması və ya tamamilə dayandırılması halında daha sərt tədbirlərin görülməsini nəzərdə tutur.
Rəsmi Roma artıq 2022-ci ilin ikinci yarısında dövlət və şəxsi yaşayış binalarında istilik temperaturlarının 1 dərəcə aşağı salınması ilə bağlı tədbirlər görüb. Ötən il Roma idxal etdiyi qazın 40%-ni Rusiyadan alıb və bu qazdan elektrik enerjisi istehsal olunur.
Mənbə bildirib ki, hökumətin alternativ tədarükçülər tapmaq səyləri yayda idxal olunan Rusiya qazının payını təxminən 18%-ə endirib. Lakin hökumət biznesləri və ailələri enerji ilə istehlak qiymətlərinin artımından qorumaq üçün bu il bir sıra tədbirlərə 52 milyard avro xərcləyib.