İtaliya hökuməti ölkənin iki ən məşhur kurort adalarına – Sardiniya və Siciliyaya uçuşların qiymətlərini məhdudlaşdıracağını açıqlayıb.
Məhdudiyyətlər ən çox turistin bu bölgələrə gəldiyi pik yay ayları və bayram günlərində tətbiq olunacaq. Müvafiq olaraq, çılğın tələbat aviabiletlərin qiymətlərini “göylərə” qaldırır.
İtaliyanın “Corriere della Sera” qəzetinin son araşdırması göstərib ki, yayda turizm mövsümünün pik dövründə materik İtaliyadan bu adalara uçuşların qiymətləri ilin digər vaxtlarındakı orta qiymətdən 830% yüksək ola olub.
Bundan əlavə, Milad bayramlarında da qiymətlər kəskin artıb. Belə ki, Romadan Palermoya birtərəfli biletin qiyməti o zaman bir saatlıq uçuş üçün 511 avro idi ki, bu da Romadan Nyu-Yorka uçuşdan baha başa gəlir.
Bundan sonra İtaliya hökuməti yay aylarında Siciliya və Sardiniyaya daxili reyslərin normadan 200%-dən çox baha qiymətə satılmasını qadağan edən yeni qanun qəbul edib.
Həmçinin, yeni qanunvericilik ölkədə istənilən fövqəladə vəziyyət zamanı qəfil qiymət artımını qadağan edir.
Beləliklə, nəşr qeyd edir ki, İtaliyada tətil dinamik qiymətlərə qoyulan məhdudiyyətlər səbəbindən xeyli ucuzlaşa bilər.
“Biz bazarı və istehlakçıları qoruyan bir fərman verməklə vəziyyətə müdaxilə etdik. Bazar qaydalarına uyğun gəlməyən, vətəndaşarın hüquqlarına zidd olan və onları qorumayan tədbirlər tətbiq edildikdə dövlət müdaxilə etməlidir”, deyə İtaliyanın sənaye naziri Adolfo Urso şərh edib.
Eyni zamanda, İtaliyaya çoxlu sayda uçuşlar həyata keçirən İrlandiyanın aşağı büdcəli “Ryanair” aviaşirkətinin nümayəndələri yeni qanunu tənqid edərək, onu “gülünc və qeyri-qanuni” adlandırıblar. Aviaşirkətin baş direktoru Eddi Uilson qanunu ləğv etməyə çağırıb: “Əgər bu baş verməsə, “Ryanair”in İtaliyada fəaliyyət göstərmə qabiliyyətinə təsir göstərəcək”.