16 C
Baku
Thursday, March 28, 2024

İtaliyada təhsil alan azərbaycanlı: “Əlavə 5 min avrodan çox təqaüd alıram” – Foto

Xaricdə təhsil alan tələbələrimizlə söhbət layihəmizi davam etdiririk.


Budəfəki qonaq İtaliyanın Boloniya Universitetində magistr təhsili alan Cavanşir Bayramovdur. O, International Cooperation on Human Rights and Intercultural Heritage (İnsan haqları və Mədəniyyətlərarası İrs üzrə Beynəlqxalq əməkdaşlıq) ixtisasında təhsilini davam etdirir.

-Seçim edərkən nələrə diqqət etmişdiniz?

– Bir neçə proqrama müraciət etmişdim. Seçimimdə əsas diqqətimi ixtisas və proqrama yönəltmişdim. Sonrakı dərəcədə mühitin qazandıracaqlarına da diqqət edirdim. İki ilimi mənə daha rahat olacaq yerdə keçirmək istəyirdim. Bir neçə proqrama müraciət etmişdim. Bu ərəfədə mənə Asiya ölkələrini də seçimlərim arasına qatmağım deyilirdi. Lakin Asiya mədəniyyət baxımdan mənə yad gəlirdi. ABŞ-ı da seçimlərim arasına qatmadım. Çünki şimali Amerikada 3 dəfə olmuşdum, bilirdim ki, orada təhsil kifayət qədər bahadır. Cənubi Amerikada da istədiyim ixtisas üzrə təhsil səviyyəsi qane etmirdi. Buna görə seçimim İtaliya oldu. Avropa təcrübəsi də yaşamaq istəyirdim.

-Xaricdə təhsil almağı necə qərarlaşdırdınız?

– Xaricdə təhsili təkcə ixtisasım üzrə nələrsə öyrənməklə məhdudlaşdırmırdım. Başa düşürdüm ki, nə qədər çox yer görsəm, nə qədər çox təcrübə yaşasam yaxşıdır. Bu həm dünya görüşümə, həm də gələcək kariyerama müsbət təsir edəcək. Getdiyim yerdən qazandığım təcrübələrlə ölkəmə dönməyi düşünürdüm. Buna görə Azərbaycandakı imtahanda iştirak etmədən birbaşa xarici seçmişəm.

Cavanşir Bayramov

-Seçiminizdən məmnunsunuzmu?

-Seçimimdən razıyam. Nəsə qane etməsəydi vaxt itirməzdim. Ya başqa istiqamətə yönələrdim, ya da Azərbayacana dönərdim. İxtisasım baxımından bilirəm ki, çox insan Azərbaycanda qalıb təhsil almağı daha perspektivli hesab edərdi. Çünki təhsillə paralel yerli strukturlarda kariyera qurmaq imkanı baxımından əlverişli seçim hesab etnək ola bilər. Bunu özüm də nəzərdən keçirmişəm. Mənə elə gəlir ki, təhsilimi Azərbaycanda davam etdirməyim bununla limitlənərdi. Mənim isə məqsədim daha geniş bilik və təcrübə ilə ölkəmə dönmək idi. Başa düşürəm ki, ola bilsin həmkarlarımla müqayisədə kariyera qurmaqda gecikirəm. Amma aldığım təhsil və təcrübəyə görə dəyər.

-Universitetinizdə təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədi?

-Bizim şəhərdə azərbaycanlı tələbələrdən 6 nəfər tanıyıram. Bu il gedənləri var. Yəqin ki, yeni tələbələr də gələcək, artıq yeni gələn azərbaycanlı tələbələrdən bir nəfərlə tanış olmuşam. Yaşadığım ərazidə və qonşu şəhərlərdə daha çox Boloniya universitetinin tələbələridir. Facebook qrupumuz da var. Bir-birimizə hər şeydə, məişət məsələlərində belə dəstək olmağa çalışırıq.

-Hansı çətinliklərlə qarşılaşmısınız?

– Xarici ölkəyə getdikdə əsas çətinlik dillə bağlı yaşanır. Düzdür, məişət səviyyəsində ünsiyyət qura bilirəm, amma hələ də İtaliyan dilini öyrənməmişəm deyərdim. Buna baxmayaraq elə bir çətinlik yaşamıram. Çünki mühit çox komfortludur. İngiliscə danışırlar deyə bu rahatlıq yaradır. Dövlət strukturunda belə, bir yolunu tapmağa və dəstək olmağa çalışırlar. Deyirdilər, italiyanlar kənardan gələnlərə qarşı kobuddur. Amma mən passiv diskriminasiya belə, yaşamamışam. Bəzi şeylərdə məsələn, görünüşcə çox oxşayırıq. Gülərüz, istiqanlı, mülayim xalqdılar. Bir az çətinlik yeməkdə oldu, o da həllini tapdı.

– Təqaüd qane edirmi?

-Qanedicidir. Əlavəilə 5 min avrodan çox təqaüd alıram. Universitetin özünün təqaüd imkanları var. İmkanlar daha da artır deyə təqüdlə bağlı problem olmur. Hazırda oteldə işləyirəm. Çox adam düşünə bilər ki, yerli dili bilməmək iş tapmaqda böyük maneədir. Amma iş tapmışam. Yeni tədris ilindən universitetimizdə beynəlxalq əlaqələr şöbəsində yeni gələn tələbələrlə işləyəcəm. Gələndə ilk vaxtlar üçün özümlə pul gətirmişdim, amma indi özüm-özümü dolandırıram.

Cavanşir Bayramov

-İşləmək dəsrlərinizə mane olmurmu?

-Tək təqüd də bəs edərdi. Lakin onsuz da həftəlik iş vaxtı 20 saatı keçmir. Buna görə mane olmur. Əksinə daha rahat oluram ki, xərclərimin bir qismini özüm qarşılayıram. Maddi sıxıntı olmadıqda dərslərə də rahat fokslanırsan.

-Bakı ilə müqayisədə xərclərdə fərq çoxdurmu?

-Elə bir ciddi fərq hiss etmirəm. Qənaətcil olmağı bacarandan sonra problem olmur. Ərzaqları özün alıb bişirəndə, restoranda yemədikdə çox xərcin çıxmır. Bu sağlamlıq baxımından da faydalıdır. Sağlam qidalanırsan. Buaraya gələndən daha çox meyvə tərəvəz ilə qidalanıram.

-Yemək bişirməyi bacarırsınız?

-Artıq neçə ildir ki, tək yaşayıram. Bakalavrı oxuyanda da, yayda başqa ölkəyə işləməyə gedəndə də tək yaşamışam. Ona görə yemək bişirmək təcrübəm var idi. Yadıma gəlir ki, buraya ilk gəldiyimdə makaron və sosiska bişirimişdim. Ketçup töküb yeməyə hazırlaşırdım ki, otaq yoldaşlarım gəldi. Onlar italiyandılar. Yeməyi əlimdən alıb tökdülər. İki gün də yemək bişirməyimə qadağa qoydular. (gülür) Təbii ki, bu dostyana yanaşma idi. İtaliyanlar yemək hazırlamağı da, yeməyi də, ondan danışmağı da çox sevirlər. Yemək sevdikləri mövzudur. Mənə bir neçə növ pasta (makaron) hazırlamağı öyrətdilər. İndi daha çeşidli və sürətli yemək bişirirəm. Əvəllər gündə bir dəfə yemək bişirir və sonra isidib ondan yeyirdimsə, indi gün ərzində hər dəfə yeni yemək bişirirəm. Belə daha dadlı olur.

-Ölkəmizi tanıyırlarmı?

-Ölkəmiz haqda elə də məlumatlı deyillər. Az tanıyırlar. Amma yeni biliklər və mədəniyyətlər öyrənməyə maraqlıdırlar. Bir qədər də rahat həyata meyillidirlər. Uzaqlarla maraqlanmırlar. Yeməklərimiz, nar çaxırı onlara çox maraqlı gəlir. Nar çaxırını bir dəfə daddıqdan sonra qalanını özləri ilə aparmışdılar. İçdikdən sonra şüşəsini atamayıblar, evdə saxlayırlar.

Cavanşir Bayramov

-Ölkəmizi necə təbliğ edirsiniz?

-Bəzi təşkilatçılıq problemləri var, biraraya gəlməkdə əziyyət çəkdiyimiz məqamlar var. Bunu həll etməyə çalışırıq. Azərbaycanda olduğum müddətdən QHT təcrübəm var. İstəyirəm, İtaliyada olan azərbaycanlı tələbələrlə şəbəkələşərək planlı işlər görək. Rəqəmsal bir platforma olsun ki, bir-birimizlə əlaqəni rahatlaşdıraq. Ölkəmizin təbliği məsələsi dövlət strukturları tərəfindən də aparılır. Biz də bu işdə nələrsə etməyə çalışırıq. Çalışırıq ki, mədəni və tarixi əhəmiyyətli məsələləri işıqlandıraq. Nümunə kimi deyə bilərəm ki, 15 azərbaycanlı tələbə ilə “Xocalıya ədalət” aksiyası keçirmişik. Təəssüf ki, İtaliyada bunu edən ancaq biz idik. Həmçinin Ravenna şəhərində Novruz bayramı təşkil etmişik. “200-dən artıq adam qatılmışdı. Halbuki universitetimizlə bunu təşkil edəndə 100 nəfərlik məkan ayrılmışdı. Bildirmişdilər ki, belə mədəni tədbirlərdə çox da adamın iştirakı gözlənilən deyil. Lakin tədbirimizə gözləniləndən daha çox adam qatıldı. Tədbirin bir hissəsini bizə ayrılan məkanın həyətində keçirdik ki, hər kəs iştirak edə bilsin. Universitetimizin tələbə-müəllim heyəti, həmçinin yerli camaat, başqa şəhərlərdən gələn azərbaycanlılar və İran azərbaycanlıları da iştirak edirdi. Böyük maraq doğurmuşdu. Tədbirimiz yerli mətbuatda işıqlandırılmışdı. Fikirləşirəm ki, kifayət qədər uğurlu keçmişdi. Bu tədbirin uğurlu keçməsi növbəti tədbirlər üçün universitetimizdən də, yerli bələdiyyədən də daha çox dəstək alacağımıza şans yaratdı. Bundan başqa səfirlikdən əldə etdiyim materialları da universitetimizin kitabxanasında yerləşdirmişik. Bacardığımız qədər nəsə etməyə çalışırıq.

-İtaliyanı seçmək istəyən tələbələrə tövsiyələriniz nələrdir?

-İtaliya danışıldığından daha maraqlı və rəngarəngdir. Maraqlı mədəniyyətləri var. Təhsillə bağlı isə onu deyə bilərəm ki, burada nəzəri biliklərə, fəlsəfi yanaşmaya daha çox üstünlük verilir. Tələbələr arasında yerli və xarici deyə bir ayrıseçkilik yoxdur. Təhsil səviyyəsi yetərincə yüksəkdir.

©Bizimyol.info

Son xəbərlər
Digər xəbərlər