Fundamental dəyişiklik gözləmək üçün hər hansı əsas yoxdur.
Baş nazir vəzifəsini tutacaq “İtaliya qardaşları” (Fratelli d’Italia – dövlət himninin ilk sətiri) Partiyasının lideri, xanım Giorgia Meloninin Fransa radikal sağının lideri Marin Le Pen və Macarıstanın ifrat sağçı avtokratı Viktor Orbanla eyniləşdirilməsi qüsurludur. Onları konservativ dünyagörüş birləşdirsə də, Meloninin xarici siyasət vizyonu tamam fərqlidir. O, Le Pen və Orbandan fərqli olaraq, atlantikçidir və Brüssel bürokratiyasını tənqid etsə də, Avropa Birliyi (AB) layihəsinin, avrozonanın tərəfdarıdır.
Meloni, Salvini və Berluskoni arasında razılaşdırılmış seçkiqabağı manifestdə İtaliyanın Atlantik ittifaqın tərkib hissəsi olaraq öz öhdəliklərinə, eləcə də Avropa inteqrasiyasına tam bağlı qalacağı vurğulanıb. Bu səbəbdən yeni hökuməti avroskeptik olaraq dəyərləndirmək yanlış olar.
Ümumi Daxili Məhsulunun 150%-i həcmində borcu olan İtaliya AB-nin dəstəyinə ciddi ehtiyac duyur. Təkcə onu qeyd etmək kifayətdir ki, AB postcovid dövrü üçün İtaliyaya 200 milyard avro yardım ayırıb. Hansı hökumət bu cür səxavətli mənbədən özünü məhrum edər?
G.Meloni müxalifətdə olarkən Ukrayna müharibəsi ilə bağlı Mario Dragi hökumətinin və ümumilikdə Qərbin siyasətini müdafiə edib. “İtaliya qardaşları” parlamentdə keçirilən səsvermədə Ukraynaya silah verilməsinə tərəfdar çıxıb. Bu partiyadan olan senator Adolfo Ursi Ukraynaya səfər edərək dəstək ifadə edib.
“Mən sanksiyalarla bağlı müxtəlif fikirləri anlayıram, lakin məsələ daha mürəkkəbdir. Hesab edirəm ki, İtaliya Ukraynanı dəstəkləməyə davam etməlidir. Müharibə aysberqin görünən tərəfidir, bu savaş dünya düzəninin yenidən təşkili uğrundadır. Ukraynaya dəstək Avropanın təhlükəsizliyinin tərkib hissəsidir. Əgər Ukrayna uduzsa, bunun bədəlini ən çox avropalılar ödəyəcək və Çin udacaq. Biz bu halda Çin təsir sferasına düşmüş olacağıq, mən isə orada olmaq istəmirəm…”
G.Meloninin yuxarıdakı fikirləri onun hansı zehniyyətin daşıyıcısı oduğunu anlamaq baxımından yəqin ki, yetərlidir.
Koalisiyanın digər üzvləri – “Liqa” və “İrəli, İtaliya!” partiyalarının aldığı səs miqdarı onların yeni hökumətdə şərt diktə edən tərəf olmasını çətinləşdirəcək və əsas söz sahibi böyük ortaq olacaq. Matteo Salvini və qoca mafioz Silvio Berluskoni rusiyayönümlü kimi tanınmalarına baxmayaraq, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni onlar da tənqid edir.
“İtaliya qardaşları”nın uğurunun səbəblərinə gəldikdə isə burada qeyri-adi bir məsələ yoxdur. Covid sonrası sosial-iqtisadi çətinliklər, yüksələn inflyasiya və miqrant problemi Avropada sağ partiyalara meyli artırır.
©Şahin Cəfərli – ekspert