25 C
Baku
Thursday, September 11, 2025

İtaliyanın Bending Spoons şirkəti Vimeo-nu 1,38 milyard dollara alır

Mobil tətbiqlər üzrə ixtisaslaşan İtaliyanın Bending Spoons şirkəti videohostinq platforması Vimeo-nun satın alınması barədə razılıq əldə edib. Razılaşmanın məbləği 1,38 milyard dollar təşkil edir ki, bu da son 60 gündə Vimeo səhmlərinin orta qiymətindən 91% yüksəkdir.

Banker.az-ın məlumatına görə, əməliyyatın 2025-ci ilin dördüncü rübündə tamamlanması planlaşdırılır. Satınalma tamamilə nağd vəsait hesabına həyata keçiriləcək, səhm və digər aktivlərdən istifadə olunmayacaq.

Bending Spoons bu sövdələşmənin maliyyələşdirilməsi üçün 2024-cü ilin martında banklarla danışıqlara başlamışdı. Şirkət həmin dövrdə keçirilən investisiya raundunda 2,6 milyard dollar dəyərində qiymətləndirilmişdi. Əməliyyata JPMorgan, Wells Fargo və BNP maliyyə məsləhətçiləri kimi dəstək verir.

2004-cü ildən fəaliyyət göstərən Vimeo istifadəçilərə yüksək keyfiyyətli videoları reklamsız yükləmək və abunəlik modeli ilə monetizasiya etmək imkanı verir. Platforma həmçinin pullu montaj və redaktə alətləri təqdim edir.

2021-ci ilin yayında Nasdaq birjasına çıxan Vimeo-nun kapitalizasiyası 8 milyard dollar idi. Lakin sonrakı dövrdə şirkət bazar dəyərinin 90%-ni itirdi və bu da satış qərarına gətirib çıxardı.

Bending Spoons ilə sövdələşmə elan olunduqdan sonra Vimeo səhmlərinin ticarəti müvəqqəti olaraq dayandırılıb. 2025-ci il sentyabrın 10-da ABŞ birjaları açılanadək səhmlər üzrə əməliyyatlar dondurulub. Həmin vaxt şirkətin kapitalizasiyası 797 milyon dollar təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər