23 C
Baku
Friday, April 26, 2024

İtaliyanın görməli yerləri – Roma Kolizeyi

Roma Kolizeyi Böyük Roma İmperiyasının ən qədim abidələrindən biridir. Onun böyüklüyü hətta onun adında da əks olunmuşdur, “kolizey” latın dilindən tərcümədə də “böyük” mənasını verir. Nəhəng amfiteatr qladiator döyüşləri üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı, orada vəhşi heyvan döyüşləri, dənizçiliyə aid və müxtəlif digər oyunlar səhnələşdirilirdi.

Kolizeyin inşa edilməsi ideyası imperator Vespasianın ağlına İuda ərazisindəki qələbələrdən sonra gəldi, lakin tikinti 80-ci ildə imperatorun oğlu Tita tərəfindən başa çatdırıldı. İlk öncə bura tikintinin sərmayəsinə pul ödəyən imperator sülaləsinin şərəfinə Flavian Amfiteatrı adlandırılırdı.

Amfiteatr ellips formasında olub, uzunluğu 188 metr, eni isə 156 metr idi. Kolizeyin tikintisində 100.000 m3 mərmər travertin və bu blokları birləşdirmək üçün 300 ton dəmir sıxaclardan istifadə olunmuşdu. Kolizeyin divarlarının hündürlüyü 50 metrdir. Hər divar insanların giriş və çıxışı üçün eninə və üzükvarı düzəldilmiş keçidlər, tağlar və pilləkənlər ilə kəsişir. İkinci və üçüncü səviyyədəki tağlar abidənin bəzəyi hesab olunur.

Kolizey yan-yana yüksələn dörd hissədən ibarətdir. Birinci hissə ən aşağıda yerləşirdi və burada imperator, onun ailəsi və senatorlar əyləşirdi. Növbəti hissədə atlı dəstələrinə malik şəhər rəsmiləri, üçüncü hissədə isə roma vətəndaşlığına sahib olan şəxslər əyləşirdi. Ən sonuncu hissədə isə aşağı təbəqənin nümayəndələri yer alırdı.

Kolizeyə 50 000-dən çox insan yerləşirdi və tamaşaçıları pis hava şəraitindən qorumaq üçün Kolizeyin damında çadırlardan böyük tavan düzəldilmişdi. Bu tavan yüzdən artıq dənizçinin köməyi nəticəsində yaradılmışdı.

Kolizeyin mərkəzində bütün oyunların keçirildiyi qədim arena yerləşirdi. Arenanın altında isə zindanlar, qazamatlar və vəhşi heyvanların saxlandığı qəfəslər vardı.

Qədim Romanın simvolu olan Kolizeyin kədərli tarixçəsi var. 526-cı ildə Böyük Teodorixin ölümündən sonra Kolizey tərk edildi. Daha sonra isə məhvə doğru getməyə başladı. O qala, tikinti materiallarının əldə olunması üçün mənbə və hətta nitrat zavodu kimi də istifadə olunurdu. Bu abidəyə yenidən diqqəti yönəldən şəxs XIV Benedikt oldu. Onun əmri ilə arenanın mərkəzində nəhəng xaç, ətrafında isə qurbangah sıraları yerləşdirildi. 1874-cü ildə onlar ləğv olundu, Kolizey müxtəlif sütunlarla bərkidildi və daxili pilləkənlər bərpa edildi.

Hal hazırda İtaliya hökuməti Kolizeyi diqqət mərkəzində saxlayır, belə ki, Kolizey Romanın başlıca ziyarət edilən məkanlarından biridir. Həmçinin o, İtaliyanın vizit kartı hesab olunur.

Layihəyə əsasən arkadaların bərpası və onların yeni sukeçirməz tərkiblə emalı reallaşdırılacaq. Bu yenidənqurma arenanın qədim döşəməsinə də aid olacaq.

2007-ci ildə Roma Kolizeyi “Dünyanın Yeddi Möcüzəsi”ndən biri seçilmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər