Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Banker.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir Zakir Həsənov nümayəndə heyətini Vətən müharibəsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.
Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.
General-polkovnik Z.Həsənov bu səfərin Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edib.
Cənab Q.Krosetto isə öz növbəsində göstərilən qonaqərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycan və İtaliya Respublikaları arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.