İtaliyaya Rusiya qazının tədarükündən tamamilə imtina etmək üçün azı daha iki il lazım olacaq.
Bu barədə İtaliyanın “Eni” enerji şirkətinin baş direktoru Klaudio Deskalzi bildirib.
“İndiyədək işlər tamamlanmayıb, çünki biz 30 milyard kubmetri əvəz etmişik. Bu o qədər də sadə deyil, çünki son 8 ildə yerli istehsal stimullaşdırılmayıb. Rusiya qazının sürətlə əvəzlənməsi İtaliyanın Misir, Anqola, Əlcəzair, Konqo Respublikası, Mozambik və Liviya kimi ölkələrlə tarixi əlaqələri sayəsində mümkün olub. Rusiya qazından asılılıq böyük ölçüdə aradan qaldırılıb və yaxın gələcəkdə yeni enerji kataklizmləri gözlənilmir”, – Deskalzi qeyd edib.
Ukraynada müharibə başlayandan sonra İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya qazını tamamilə dayandırmaq məqsədini açıqlayıb. Hazırda ölkənin bu yanacaq növünə ümumi tələbatının 10%-ə qədəri Rusiyadan gəlir.