12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

İxrac nəticəsində Çinin müsbət ticarət saldosu kəskin artdı

Bu ilin oktyabr ayında Çinin xarici ticarət balansının profisiti ekspertlərin proqnozlarını üstələyərək rekord həddə çatıb.

Çinin Baş Gömrük İdarəsinin açıqlamasına görə, ötən ay xarici ticarət profisiti bir ilin eyni dövründəki 57,32 mlrd. dollar və bu ilin sentyabrındakı 66,76 mlrd. dollarla müqayisədə 84,54 mlrd. dollar təşkil edib.

Ötən ilin oktyabr ayı ilə müqayisədə ixracın həcmi 27,1% artaraq 300,22 mlrd. dollara, idxal isə 20,6% artaraq 215,68 mlrd. dollara çatıb.

Milad bayramı ərəfəsində yerli məhsullara qlobal tələbatın artması və ölkənin enerji böhranının yumşaldılması fonunda Çinin ixracı durmadan artır. Analitiklərin fikrincə, idxalda gözləniləndən zəif artım templəri daxili tələbatın zəifliyindən xəbər verir.

Oktyabrda Çindən ABŞ-a ixrac 22,7% artaraq 53,77 mlrd. dollara, idxal isə 4% artaraq 13,02 mlrd. dollara çatıb. ABŞ-la ticarət balansının profisiti 30% artaraq 40,75 mlrd. dollar təşkil edib.

Çindən Yaponiyaya ixrac ötən ay 16,3%, Cənubi Koreyaya – 33,1%, Avstraliyaya – 22,3%, ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələrinə – 18%, Avropa İttifaqına – 44,3% artıb. Yaponiyadan idxal 9,9%, Cənubi Koreyadan – 22,3%, Avstraliyadan – 24,3%, ABŞ-dan – 4,6%, ASEAN ölkələrindən isə 23,1% artıb. Oktyabrda Avropa İttifaqından idxal 0,7% azalıb.

Bu ilin yanvar-oktyabr aylarında Çinin xarici ticarət balansının profisiti bir il əvvəlki 373,92 mlrd. dollardan 513,74 mlrd. dollara çatıb. Bu ilin 10 ayı ərzində ixrac 32,3% artaraq 2,7 trln. dollara çatıb ki, bu da bütün 2020-ci ilin göstəricisini üstələyir.

Son xəbərlər
Oxşar xəbərlər
X