İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7%, pambıq ixracı 29,3%, meyvə-tərəvəz ixracı isə 24,6% artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində Rusiya Federasiyasına 154,4 milyon ABŞ dolları, Türkiyəyə 97,3 milyon ABŞ dolları, Gürcüstana 42,9 milyon ABŞ dolları, Ukraynaya 18,2 milyon ABŞ dolları, Qırğızıstana isə 18,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin fevral ayının qeyri-neft ixracı 233 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 25% artımla 66,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 166,3 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.