İyulun 15-dən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək

Foto: Sabir Mirzə/ Banker.az

Məlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici təyin edilmişdir.

Azərbaycan Mərkəzi Bankdan  verilən məlumata görə, bağlanan banklar üzrə ödhəliklərin reyestri ƏSF-yə ötürülüb. Qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılmışdır. Fondun Himayəçilik Şurasının qərarına əsasənqorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində“Atabank” ASC və “Amrahbank” ASC üzrə “Kapitalbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir.

1 iyun 2020-ci il tarixindən etibarən “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılmışdır.

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılmış, 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.

Ümumilikdə indiyədək 12.9 min əmanətçiyə 229.7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib.

Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSF banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 dekabr 2018-ci il tarixində tətbiq etdiyi təshih tədbiri pozularaq “NBC Bank” ASC tərəfindən qorunan əmanətlərin həcminin əhəmiyyətli məbləğdə artırılması faktı Mərkəzi Bank tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilib. Bununla əlaqədar, 27 yanvar 2020-ci il tarixində fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq olunub. Lakin, “NBC Bank” ASC tərəfindən əlavə təshih tədbirinə də riayət edilməyib, Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verilmiş və bu faktlar Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunub. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülüb.

“Ata Bank” ASC üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri aralığında qüvvədə olunub. Ləğvetmə prosesində ƏSF tərəfindən müəyyən edilib ki, Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılıb.

10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank” ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunub. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olub. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılıb. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilib və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb.

Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinib. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmirbank” ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilib. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlanıb və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilib.

“Dəmirbank” ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılıb.

Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları