9 C
Baku
Thursday, December 12, 2024

“İyunda OPEC+ sazişinin uzadılması geosiyasət və neftin kommersiya ehtiyatlarının səviyyəsindən asılıdır”

2019-cu ilin iyun ayında neft hasilatının azalmasına daia OPEC+ sazişinin uzadılması geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılıdır. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.

“Hazırda neftin qiyməti qənaətbəxş səviyyədədir. 2018-ci il dekabr ayından OPEC+ çərçivəsində sazişin icra səviyyəsi aydan aya artır. İyun ayında keçiriləcək iclasda OPEC+ ölkələrinin neft hasilatının azalmasına dair yeni qərarın qəbulu bəzi geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılı olacaq”, – P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” forumunda çıxışında bildirib.

Nazir məlumat verib ki, cari il proqnozlara əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftin kommersiya ehtiyatlarının artımı və qlobal iqtisadiyyat templərinin 3,6 faiz punktundan 3,3-ə qədər azalması gözlənilir.

“Dünyada qeyri-sabit geosiyasi vəziyyətin mövcudluğu şəraitində neft istehsal edən ölkələr arasında neft bazarında sabitliyin qorunması məqsədilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”, – P.Şahbazov vurğulayıb.

O xatırladıb ki, Azərbaycan ilk gündən OPEC+ çərçivəsində sazişin fəal iştirakçısı olub. Eyni zamanda, o əlavə edib ki, neftin qiymətinin azalmasının qarşısının alınması üzrə tədbirlərin reallaşdırılması Azərbaycanın neft-qaz sektorunun inkişafına müsbət təsir göstərib. “2018-ci ildə mənfəət nefti və qaz satışından ölkənin gəlirləri $9,8 mlrd.-a çatıb”, – o bildirib.

2018-ci il dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.

Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel – 776 min barrelədək azaltmaq öhdəliyi götürüb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər