10 C
Baku
Thursday, December 12, 2024

Janet Yellen: ABŞ və dünyanın nüfuzlu bankir qadını

Janet Yellen – 2014-cü ilin fevral ayından etibarən ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəridir. Bu zamana qədər isə 4 il müddətində FES şurasının sədrinin müavini vəzifəsinə sahib idi. FES dünyanın ən nüfuzlu mərkəzi bankı hesab edilir və onun tarixi 1913-cü ildən başlayır. Həmin ilin dekabr ayında Mərkəzi bank funksiyalarına sahib, həmçiin ABŞ-ın bütün Bank sistemini tənzimləyən xüsusi federal agentlik yaradılır.

Janet 13 avqust 1946-cı ildə Bruklində dünyaya gəlib və amerika-yəhudi ailəsində tərbiyə alıb. Onun anası  – Anna Rut Yellen evdar qadın, atası – Culis Yellen isə professional terapevt idi. Janet Hamilton məktəbini qızıl medal ilə bitirir və bunun ardınca Braun universitetinə daxil olur. 4 illik təhsildən sonra 1967-ci ildə fərqlənmə ilə bakalavr diplomunu əldə edir. O 1971-ci ildə Yale universitetində fəlsəfə üzrə doktorluq dərəcəsini müdafiə edir. Şəxsi həyatına gəldikdə isə qeyd etmək lazımdır ki, o 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına laureat olan məşhur amerikalı iqtisadçı Corc Akerlof ilə evlidir. Onların oğlu Robert də həmçinin valideynlərinin yolu ilə gedir və o Uorik universitetinin dosentidir.

Yellen-in ilk ciddi işi lektorluq idi. O öz karyerasını Harvard universitetində başlayır və 1971-ci ildən 1976-cı ilə qədər burada tədris edir. Daha sonra isə Yellen Londona köçür. Belə ki, o LSE-də (London iqtisad və siyasi elmlər məktəbi) baş müəllim vəzifəsinə dəvət edilmişdi. 80-ci illərin əvvəlində Yellen ABŞ-a qayıdır və Kaliforniya universitetinin şöbəsi olan Haas School of Business-da işləməyə başlayır. O burada 17 il fəaliyyət göstərir. Janet Yellen bu dövr ərzində çoxlu sayda kitab yazır ki, onlardan ən məşhuru “Monetary Policy: Goals and Strategy” (Pul siyasəti: Məqsəd və Strategiyalar)-dir. 1997-ci ildən 1999-cu ilə qədər Yellen ABŞ prezidenti yanında İqtisadi məsləhətçilər şurasına rəhbərlik edir. 2004-2010-cu il ərzində Janet San-Fransisko Federal Ehtiyat bankının ilk qadın prezidenti olaraq fəaliyyət göstərir. 2010-cu ilin payızından başlayaraq FES şurasının sədrinin müavini olaraq işləyir.  2013-cü ildə isə prezident Barak Obamanın fərmanı ilə FES-in prezidenti təyin edilir.

Janet Yellen FES-nin qərarlı, fəal fəaliyyətinin tərəfdarıdır. O belə hesab edir ki, böhranları sərt və tez bir zamanda tənzimləmək lazımdır. O özünün müəllimlik fəaliyyəti dövründə işsizlik məsələsini ətraflı şəkildə araşdırmışdı. Beləliklə, gələcəkdə Yellen-dən işsizlik və inflyasiya ilə mübarizə ilə bağlı həlledici tədbirlər gözləməyə dəyər.

Son xəbərlər
Digər xəbərlər