“Nvidia”nın baş direktoru Jensen Huanq bildirib ki, şirkətin süni intellekt tərtibatçısı “OpenAI”ə etdiyi son 30 milyard dollarlıq investisiya son sərmayə ola bilər. O, bunu “Morgan Stanley Technology”, “Media & Telecom” konfransında deyib. Onun sözlərini CNBC sitat gətirir.
Huanq qeyd edib ki, “Nvidia” və “OpenAI” arasında nəzərdə tutulan 100 milyard dollarlıq investisiya artıq real görünmür. Onun sözlərinə görə, səbəb “OpenAI”nin açıq səhmdar cəmiyyətinə çevrilmək planıdır. “Nvidia”nın “Anthropic” şirkətinə maliyyələşdirmə çərçivəsində etdiyi 10 mlrd dollarlıq investisiya da böyük ehtimalla sonuncu olacaq. Media məlumatlarına görə, “OpenAI” və onun əsas rəqibi olan “Anthropic” 2026-cı ildə IPO keçirməyi planlaşdırır.
“Nvidia” son maliyyələşdirmə raundu çərçivəsində “OpenAI”ə 30 milyard dollar yatırmağa razılaşıb. Süni intellekt startapı ümumilikdə 110 milyard dollar cəlb edib və şirkətin qiymətləndirilməsi cəlb olunan vəsait nəzərə alınmadan 730 milyard dollar təşkil edib. “Financial Times” daha əvvəl yazmışdı ki, “Nvidia” və “OpenAI” arasındakı bu razılaşma 2025-ci ilin sentyabrında əldə olunan 100 mlrd dollarlıq investisiya planını əvəz edib. “Anthropic” isə “Nvidia”nın iştirakı ilə fevral ayında maliyyələşdirmə raundunu başa çatdıraraq qiymətləndirilməsini 380 milyarda dollara yüksəldib.
Son vaxtlar media “Nvidia” və “OpenAI” arasında münasibətlərin gərginləşdiyini yazır. “The Wall Street Journal” yanvar ayında bildirmişdi ki, 100 milyard dollarlıq investisiya üzrə danışıqlar dalana dirənib. Huanq isə “OpenAI”ni biznesdə kifayət qədər intizamlı olmamaqda tənqid edib və “Google” və “Anthropic” tərəfindən yaranan rəqabətdən narahat olduğunu bildirib.
“Reuters” də yazmışdı ki, “OpenAI” bəzi tapşırıqlarda — məsələn, proqram təminatının hazırlanması ilə bağlı məsələlərdə — istifadəçilərin ChatGPT sorğularının emal sürətinə görə “Nvidia”nın yeni süni intellekt çiplərindən narazı qalıb. Agentliyin bəzi mənbələrinin sözlərinə görə, “OpenAI” “Nvidia”nın rəqibləri olan “Cerebras” və “Groq” ilə əməkdaşlıq imkanlarını da müzakirə edib.






