18 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Johnson & Johnson” Afrika ölkələrinə 220 milyon vaksin dozası çatdıracaq

“Johnson & Johnson” əczaçılıq qrupu özünə məxsus olan “Janssen” bölməsinin koronavirus əleyhinə 220 milyon vaksin dozası çatdırılması üzrə Afrika İttifaqı ilə müqavilə imzaladığını bildirib.

Reuters agentliyi xəbər verir ki, Afrika İttifaqının 55 ölkəsinə vaksin çatdırılması 2021-ci ilin üçüncü kvartalında başlayacaq.

Afrika İttifaqı COVID-19 əleyhinə vaksin əldə etmək üçün daha bir kanal – AVAT mexanizmi vasitəsilə 600 milyon peyvənd dozası almağı planlaşdırır. Afrika ölkələrinin rəhbərləri bu ilin sonlarına qədər qitə əhalisinin 60 faizinin – 780 milyon insanın vaksinasiyasına nail olmaq niyyətindədir. Bu ölkələrə iri vaksin partiyalarının çatdırılması, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iştirakı ilə yaradılan beynəlxalq COVAX mexanizmi vasitəsilə də həyata keçirilir.

Qeyd edək ki, ÜST ötən ilin mart ayında yeni növ koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 127 milyon 840 mindən çox yoluxma və 2 milyon 797 mindən çox ölüm faktı qeydə alınıb, 103 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 21 milyon 998 min nəfərdən 93 min 667 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər