Johnson & Johnson talkla bağlı iddiaların həlli üçün $5,5 milyard ödəyəcək

Johnson & Johnson (J&J) şirkəti on minlərlə məhkəmə iddiasını nizamlamaq üçün 5,5 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. İddiaçılar şirkətin tərkibində talk olan uşaq pudrası və digər məhsullarının onlarda yumurtalıq xərçənginə səbəb olduğunu bildirirlər.

Şirkət dəfələrlə məhsullarının onkoloji xəstəliklərlə əlaqəsinin olmadığını bəyan edib. Buna baxmayaraq, məhkəmələr bir sıra hallarda iddiaçıların xeyrinə qərarlar çıxarıblar. Məsələn, ötən ilin dekabrında Kaliforniya və Minnesota ştatlarında məhkəmələr üç iddiaçının xeyrinə ümumilikdə 105 milyon dollardan çox təzminat ödənilməsinə qərar verərək şirkəti məsuliyyətli hesab ediblər.

J&J ittihamların əsassız olduğunu bir daha vurğulayıb. Şirkət bildirib ki, “məsələni birdəfəlik bağlamaq” məqsədilə iddiaçılara kompensasiya ödəməyə hazırdır.

Şirkətin təklifi təxminən 76 min iddianı əhatə edir ki, bu da talkla bağlı qalan iddiaların böyük hissəsini təşkil edir. J&J bunun 3 milyard dollaradək hissəsini gələn il ödəməyi, qalan ödənişlərə isə 2028-ci ildən tez başlamamağı planlaşdırır.

Sazişin qüvvəyə minməsi üçün yumurtalıq xərçəngi ilə bağlı ştat və federal məhkəmələrdə qaldırılmış iddiaların 95%-ni təmsil edən hüquq firmalarının razılığı tələb olunur. Bu prosesin bir neçə ay çəkə biləcəyi bildirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər