17 C
Baku
Wednesday, May 1, 2024

“Johnson & Johnson” zavodunda 15 milyon peyvənd dozası yararsız hala gəlib

Amerikanın Merilend ştatında yerləşən “Johnson & Johnson” zavodunun işçiləri koronavirus əleyhinə preparatın tərkib hissələrini qarışdırarkən müxtəlif səhvlərə yol veriblər ki, bu da 15 milyon doza dərmanın yararsız hala gəlməsi ilə nəticələnib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Verilən məlumata görə, hadisənin səbəbi insan faktoru olub. ABŞ Qida və Dərman İdarəsi (FDA) hal-hazırda zavodda yoxlama aparır. Eyni zamanda, şirkətin ABŞ tibb müəssisələrinə göndərdiyi peyvənd partiyalarının təhlükəsiz olduğu bildirilir.

“Johnson & Johnson” öz növbəsində belə bir hadisənin baş verdiyini təsdiq edib və qüsurlu peyvənd partiyasının istehsalın son mərhələsinə çatmadığını vurğulayır. “Keyfiyyətə nəzarət prosesi zamanı preparatın standartlara cavab verməyən nümunələri aşkar edildikdə, onlar qablaşdırma mərhələsinə ötürülmür və dərhal məhv edilir”, – deyə şirkətin saytında deyilir.

Xatırladaq ki, fevralın 28-də FDA “Johnson & Johnson” şirkətinin koronavirus əleyhinə peyvəndini sürətləndirilmiş qaydada təsdiq edilməsi ilə bağlı müraciətini qəbul edib. Korporasiyaya görə, sınaqların üçüncü mərhələsində “Johnson & Johnson” peyvəndi 85%-ə qədər effektiv olduğunu göstərib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər