ABŞ-nin ən böyük bankı olan “JPMorgan Chase” Donald Tramp tərəfindən yaradılan və Qəzza sektorunun bərpa edilməsi ilə məşğul olan “Sülh Şurası”na xidmət göstərilmək üçün danışıqlar aparır. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) yazır.
Qəzetin həmsöhbətlərinin məlumatına görə, bank şuranın hesablarına və hesablarından ödənişlərin emalı da daxil olmaqla bir sıra xidmətlərin göstərilməsi imkanını nəzərdən keçirir. ABŞ administrasiyasının nümayəndəsi FT-yə bildirib ki, hazırda rəsmi açıqlama vermək üçün əsas yoxdur, lakin hakimiyyət Qəzzaya yardımın daha effektiv göstərilməsinə kömək edə biləcək bütün mümkün variantları fəal şəkildə araşdırır.
“Bloomberg” agentliyi isə Trampın “JPMorgan Chase” və onun baş direktoru Ceymi Daymona qarşı 5 milyard dollarlıq iddia qaldırdığını bildirib. İddianın səbəbi 2021-ci ildə siyasi motivlərlə Trampa və onun biznesinə bank xidmətlərinin dayandırılması olub. İddia ərizəsində qeyd olunur ki, 2021-ci ilin fevralında “JPMorgan Chase” Trampı və onun şirkətlərini hesabların bağlanması barədə xəbərdar edib və hazırlıq üçün 60 gün vaxt verib. Həmçinin iddiaçı tərəfin sözlərinə görə, bank ABŞ liderini, onun ailə üzvlərini və onunla əlaqəli müəssisələri aktivlərin idarə olunması xidmətlərindən istifadəni qadağan edən “qara siyahı”ya daxil edib. Tramp iddia edir ki, bu addımlar Daymon tərəfindən təsdiqlənib və digər maliyyə institutlarının da onunla əməkdaşlığı dayandırmasına səbəb olub.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri “Sülh Şurası”nın nizamnaməsini imzalayıblar. Sənədi ABŞ, Ermənistan, Argentina, Azərbaycan, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Pakistan, özünü elan etmiş Kosovo, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Özbəkistan və Monqolustan imzalayıb. Tramp bu təşkilatın yaradılmasını “böyük irs” adlandırıb ə dünyada sülhə nail olacağına ümid etdiyini bildirib.






